Ərdoğandan yəhudilərlə bağlı sərt çıxış: “İşgəncə görənlərin övladları…”

15:18 | 19.05.2018

Ərdoğandan yəhudilərlə bağlı sərt çıxış: “İşgəncə görənlərin övladları…”

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-də etdiyi müraciətdən sonra İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısı keçirilib.

İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısına Əfqanıstan, Qvineya-Bisau, İran, Qətər, Küveyt, Mavritaniya, Sudan, İordaniya, Fələstin və Şimali Kiprin dövlət başçıları, Fələstin, Qırğızıstan və Pakistanın baş nazirləri və İƏT-yə üzv olan 25 ölkənin xarici işlər nazirləri qatılıb. Azərbaycanı fövqəladə zirvə toplantısında xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı İsrail dövlətini qəddarlıq etməkdə günahlandırıb və terror dövləti adlandırıb. O, İsrail dövlətinin fələstinlilərə qarşı etdiklərini, nasistlərin yəhudilərə qarşı zülmü ilə müqayisə edib.

“İkinci dünya müharibəsi zamanı düşərgələrdə hər cür işgəncələrə məruz qalanların övladları hazırda bu işgəncə metodlarını fələstinlilərə qarşı tətbiq edirlər”, – Ərdoğan söyləyib.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilib. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 61 fələstinli ölüb, 2700-ü yaralanıb.

//Sputniknews