20 Yanvar faciəsi Gürcüstanda anıldı-FOTOLAR

01:15 | 19.01.2018

Gürcüstanın Suxumi Dövlət Universitetində “Borçalı-İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Unutsaq unudularıq” adlı anım tədbiri keçirilib. Tədbirdə Suxumi Dövlət Universitetinin rektoru, professor-müəllim heyəti, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri və gürcü, azərbaycanlı tələbələr iştirak ediblər.

Editor.az xəbər verir ki, 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə “Borçalı-İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov çıxış edərək faciənin səbəbləri, nəticələri, bu hadisənin xalqımızın şanlı tarixindəki yeri və rolu barədə danışıb.

Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

Suxumi Dövlət Universitetinin rektoru, professor Zurab Xonelidze çıxış edərək bildirib ki, 9 Aprel və 20 Yanvar tarixləri Gürcüstanı və Azərbaycanı azadlığa, müstəqilliyə aparan tarixi və unudulmaz gündür. O, dost və strateji dövlət olan hər iki ölkənin eyni taleyi yaşadığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Suxumi Dövlət Universitetinin tarixçi professorları Ramaz Janturia, Zurab Papaskiri, Tamar Belikania, İndira Caqania, Azərbaycanın Gürcüstandakı səfirliyinin təmsilçiləri Vüqar Mustafayev, Rəhim Rəhimzadə və Elcan İmamverdiyev 20 Yanvar və 9 Aprel faciələrinin təkcə Azərbaycan və gürcü xalqlarına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş terror aktı olduğunu vurğulayıblar. Bildirilib ki, SSRİ dağıldıqdan sonra müstəqillik uğrunda mübarizəyə qalxan hər iki xalq bütün cəhdlərə baxmayaraq, öz müstəqilliyinə və suverenliyinə qovuşdu və bu gün dünya birliyində öz layiqli yerlərini tutmaqdadır. Azərbaycanlı diplomatlar qeyd ediblər ki, qanlı gecənin səhəri gün ümummilli lider Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar gecəsi Bakıda törədilmiş faciəyə öz kəskin etirazını bildirərək sovet rəhbərliyini qanun qarşısında cavab verməyə çağırmışdı.

Sonda çıxış edənlər “SOCAR Georgia Company” şirkətinin əməkdaşı Aygül İsayeva, İ.Javaxişvili adına Tbilisi Dövlət Universitetində Azərbaycan Dostları Klubunun rəhbəri Leyla Əmrahova, Gürcüstan-Azərbaycanlı Fəal Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva və başqaları 20 Yanvar və 9 Aprel hadisələrinin daim qəlblərdə yaşayacağını və gələcək nəslə bu tarixi günlərin çatdırılmasının vacibliyini qeyd ediblər. “Borçalı-İrəli” İB sədri Məhəbbət İmanov isə Suxumi Dövlət Universitetinin rektoruna və professor-müəllim heyətinə tədbirin təşkili üçün şərait yaratdıqlarına görə minnətdarlığını bildirib.

//Editor.az