Azərbaycan futbolunda böyük korrupsiya: Həbslər, reaksiyalar, AFFA-da sükut…

03:53 | 01.12.2017

Azərbaycan futbolunda böyük korrupsiyanın üstü açılıb. Premyer Liqada çıxış edən “Keşlə” (keçmiş “İnter”) klubunun iki futbolçusu – Mirhüseyn Seyidov və Nizami Hacıyev həbs olunublar.

Ötən gün rezonans doğuran bu hadisə mətbuatın baş mövzusu olub.

“Neftçi” – “Keşlə” oyununda meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.

Bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar da atılıb. “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra şok hadisə baş verib.

Axşamüstü hər iki futbolçu müvafiq orqanlar tərəfindən saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadılar.

“Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun “səbəbləri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş. Sən demə, “Keşlə”nin çalışdırıcı olaylardan xəbərdar imiş.

O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. “Neftçi” ilə matçdan öncə məşqçi olayların belə axar alacağından duyuq düşübmüş.

Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri doğrulub.

Orxan Sadıqlı, Sertan Taşkın, Adrian Skarlatake və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb.

Baş rolda “Neftçi” ilə müqavilə bağlamağa hazırlaşan Nizami Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Mirhüseyn Seyidov olub.

“Keşlə”nin prezidenti Zaur Axundov həbslərin olduğunu təsdiqləyib. “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib ki, Nizami ilə aramızda komandaya dəvətlə bağlı söhbət olub: 

“Bu ilin oyunları başa çatandan sonra danışaq demişəm. Amma kiməsə rüşvət təklifi, ümumiyyətlə, ağlımızdan keçməyib. Həyatım boyu belə işlərə getməmişəm. Əgər kiminsə faktı varsa, gətirsin, qabağımıza qoysun, görək nədi, nə deyil? Çünki nə məsələ olduğunu bilmirəm. Belə şeylərə baş qoşmaq istəmirəm. Onsuz da, bizdə elədi ki, nəsə olan kimi, mətbuat aləmi bir-birinə qatır. Nizami ilə anlaşma yox, danışıq olub. Anlaşma çempionat oyunlarından sonra baş tuta bilər”.

“Neftçi” də sərt bəyanat yayıb. Klub bildirib ki, əsl komanda olaraq birləşib, bütövləşib vahid məqsəd uğrunda mübarizə aparırıq: “İstər klub rəhbərliyi və baş məşqçi, istərsə də futbolçular arasında birlik yaranıb.

Belə bir məqamda klubdaxili atmosferi pozmağa və “Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərləri qətiyyətlə pisləyirik.

“Neftçi” rəsmən bəyan edir ki, Azərbaycan futbolunda çirkin oyunlarla məşğul olan hər bir kəsin layiqli cəzasını almasının tərəfdarıdır və bu yöndə hüquq-mühafizə orqanlarının apardıgı işləri dəstəkləyir”.

“Baş verənləri mən də eşitmişəm. Nə deyəcəyimi bilmirəm. Belə şeylər haqda danışmaq çox çətindi”. Bu sözləri “Keşlə” klubunun futbolçusu Adrian Skarlatake deyib.

Skarlakate “Neftçi” ilə qarşılaşmada qəribəlik hiss etdiyini təsdiqləyib: “Kimlərinsə “Neftçi” və ya digər matçlarda bilərəkdən oynamadığını bilmirəm.
Amma konkret olaraq, “Neftçi” ilə görüşdə qəribəlik hiss olunurdu. Əmin olmadığım üçün nəsə demək istəmirəm”.

PFL rəhbəri Ramin Musayev “Neftçi” – “Keşlə” qarşılaşması ilə bağlı araşdırma aparmağa ehtiyac duymadıqlarını əlavə edib. AFFA da bu barədə susur.

//Palitika.Az