247-li məktəb beynəlxalq səviyyəli STEM dərsləri tərtib edir

05:05 | 06.12.2017

Azərbaycan Respublikası Təhsil Nazirliyinin ”Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə ümumtəhsil kateqoriyası üzrə qalib olmuş məktəblərdən biri də Bakı şəhəri A.Rəhimov adına 247№li tam orta məktəbdir. ”Fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi” layihəsi ilə qalib olmuş məktəb Azərbaycan Respublikasında təhsil sahəsinin inkişafı üçün aktual olan məsələləri özündə cəmləşdirir.

STEM təhsil metodu şagirdlərə dörd spesifik sahənin – Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Layihənin əsas məqsədi II-VIII sinif şagirdləri üçün fənlərarası əlaqəyə, real layihələrə əsaslanan və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və pilot tətbiqidir. Layihə çərçivəsində artıq məktəbin müllimlərinə STEM Təhsil Mərkəzi mütəxəsisləri tərəfindən təlimlər keçirilib, tələbə qruplarına pilot dərslərin tətbiqi başlanılıb və STEM kurrikulumlarının hazırlanması davam etidirilir. Yaxın günlərdə STEM Laboratoriyasının tərtib olunmasına başlanılacaqdır. Laboratoriyada eyni vaxtda 24 tələbə roboto-texnika, aerokosmos, mexatronika, mexanika, elektrik, inşaat, kompyuter, kimya, sənaye və gəmi mühəndisliyi ilə bağlı praktik dərslər keçə biləcəklər.

Layihə əsaslı təhsil. STEM kurikulumlarının əsas müsbət cəhətlərindən biri layihə əsaslı təhsili əhatə etməsidir. STEM dərslərində şagirdlər mühəndis dizayn proseslərinin ardıcıllığı ilə tanış olurlar. Hər bir praktik dərsin sonunda bir layihə tamamlanmış olur və real nəticə əldə olunur. Müxtəlif layihələrin sonunda xilaskar robot, aerokosmis gəmi, qədim Misirdə istifadə olunan katapulta, sərnişin təyyarəsi, formula 1 maşınları, alov qullələri, 3D printer oyuncaq dizaynı, motorlu gəmi və digər mühəndislik məhsulları hazırlanır. Təqdim etdiyimiz metodologiya şagirdlərə “fənlər” üzrə deyil, “layihələr” üzrə tədrisi özündə cəmləşdirir.

Biliklərin real həyata uyğunlaşdırılması. STEM dörd fərqli sahəni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə öyrədir. Elm, Texnologiya, Mühəndislik və Riyaziyyatın birgə tədrisi çox vacibdir, çünki bu sahələr real həyatda bir-biri ilə dərindən bağlıdır.

Praktik dərslər ilə tətbiqi qabiliyyətlərin inkişafı. STEM kurikulumlarına uyğun olaraq, dərslər praktik keçir. Uşaqlar dərsin böyük hissəsin aktiv və dinamik şəkildə düşünərək nəticə əldə etməyə çalışırlar. STEM dərslərində uşaqlar parta arxasında demək olar ki, oturmurlar, çünkü dərsin böyük hissəsi əldə olunmuş məhsulların test olunmasına və təkmilləşdirilməsinə həsr olunur. Təcrübə göstərir ki, dərslərin praktikliyi, dərsdə uşaqların interaktiv iştirakını təmin etmək, dərs zamanı onları düşünməyə, danışmağa və təqdimat etməyə vadar etmək əsas problemlərdən biridir.
Dərin elmi biliklərin sadə və əyləncəli izahı. STEM dərsləri vasitəsilə şagirdlərin çətinliklə başa düşdükləri elmi-texniki terminlər və anlayışlar sadə şəkildə onlara göstərilir. Məsələn, koordinat müstəvisi lövhədə X və Y oxu kimi görməkdənsə, katapulta inşa edib, döşəməyə xalça şəklində müxtəlif kvadratlardan ibarət koordinat sistemi qurmaq və katapultdan atılan yüklərin müxtəlif kavdratlara düşməsi və onların XY koordinatları ilə qeyd olunması vasitəsilə öyrənmək daha cəlb edicidir.

Təqdimat, qrup işi və kommunikasiya bacarıqlarının inkişafı. STEM dərslərində uşaqlar özünü ifadə etməyi, dinləməyi, müzakirə etməyi öyrənirlər, çünki hər bir dərsin əvvəlində hazırlanacaq məhsul haqqında tam sərbəst şəraitdə beyin həmləsi aparılır. Məsələn, aerokosmik gəmi qurulacaqsa, aerokosmik gəmi nədir, aerokosmik mühəndis kimdir, aerokosmik gəmi hansı hissələrdən ibarətdir və harada istifadə olunur kimi suallara uşaqlar birgə cavab axtarırlar. Hər bir STEM dərsi qruplarda iş tələb edir, ən az 2-3 nəfərdən ibarət qruplarda şagirdlər birgə fəaliyyət göstərir və nəticə əldə etməyə çalışırlar. Mühəndislik məhsullarını test etmiş və təmilləşdirmiş qruplar sıra ilə təqdimat edirlər. Təqdimat zamanı layihənin müxtəlif hissələri haqqında məlumat verirlər. Hər dərsdən sonra şagirdlərin təqdimat, ünsiyyət və qrup işi bacarıqları artır.

Kritik düşünmə, kreativlik və problem həlli səriştələrinin inkişafı. STEM dərsləri zamanı şagirdlər dərsin hər bir mərhələsində düşünərək ortaya çıxan problemləri həll etməyə çalışırlar. Şagirdlərə düşünmək üçün tam sərbəstlik verilir. Düşünərək, inkişafetdirici tədbirlər görərək məhsullarını yenidən test edirlər. Hər bir test və yeniləyici tədbirlər onların son təkmilləşmiş məhsula daha da yaxınlaşdırır. Bu isə kritik düşünmə, kreativlik, nəticəyə doğru addımlamaq, problemlərin köklü oyrənilməsi və həlli bacarıqlarını inkişaf etdirir.

Özünəinam hissinin artması. Hər bir STEM dərslərində şagirdlər sadə materiallardan müxtəlif mühəndis dizayn proseslərini tətbiq edərək məhsul əldə edirlər. Onlar bilik, bacarıq və düşünmə qabiliyyətləri ilə dizayn edərək hazırlayır, test edir və təkmilləşdirirlər. Sonda isə mükəmməl nəticə əldə edərək onun haqqında təqdimat edirlər. Hər bir uğurlu STEM layihəəsaslı dərsi şagirdlərdə özünəinamı və güvəni artırır. Bu inam onlarda həm elmi-texnki sahələrə maraq yaradır, həm də onlara həyatda nailiyyətlər əldə etmək üçün çətinliklərdən qorxmamağı öyrədir.

Müasir dövrün çağırışlarına hazırlıq. STEM təhsili ölkəmizin, regionumuzun və övladlarımızın gələcəyi üçün çox vacibdir. STEM fənləri tələbələrə hansı peşə seçmələrindən asılı olmayaraq, onları müasir dövrün çağırışlarına hazırlayır. STEM təhsili təkcə gələcəkdə mühəndis olanlar üçün deyil, hər bir şagird üçün önəmlidir, çünki STEM hər yerdədir, o bizim gündəlik fəaliyyətimizin bütün sahələrini əhatə edir. STEM övladlarımızın yaşayacağı texnoloji dövrdə ən yaxşı karyera imkanı və müdrik qərarlar üçün açardır.

Karyera seçimində dəstək. STEM dərsləri şagirdlərdə gələcək karyera seçimləri zamanı STEM ixtisasları haqqında fikir və həvəs yaradır. Məsələn, şagirdlər başa düşürlər ki, bugün fizikanı, kimyanı, biologiyanı, riyaziyyatı və texnologiya dərslərini yaxşı mənimsəməklə gələcəkdə mühəndis, layihə meneceri və daha sonra hətta böyük sənaye korporasiyalarının idarəçiləri sırasına daxil olmaq mümkündür. Heç şübhəsiz ki, bugün və gələcəkdə ölkəmizin yüksək səviyəli kimya, mexanika, elektrik, elektronika, cihazqayırma, proqramlaşdırma, informasiya texnologiyaları, kompyuter və robototexnologiya mühəndislərinə ehtiyacı böyük olacaq. Nəinki ki, Azərbaycanda, ümumiyyətlə bütün dünyada STEM ixtisaslarına tələbat davamlı olaraq artmaqdadır.

Layihə uğurla davam edir. Yaxın günlərdə məktəbin şagirdlərinin layihə çərçivəsində bir sıra universitetlərə və yaradılmış texnoparklara səyahətləri təşkil ediləcəkdir. İlk dəfə olaraq, ümumtəhsil məktəbinda STEM laboratoriyasının yaradılması planlaşdırılır. Hesab edirik ki, bu yaradacağımız laboratoriya Bakı şəhər məktəbləri üçün faydalı olacaqdır.

Layihənin rəhbəri,
Bakı şəhəri, 247 nömrəli tam orta məktəbin direktoru N.Ə.Hacıyeva