5 yaşlı qızına zəhər verib öldürən qadın məhkəmədə

15:12 | 11.10.2017

Qusarda 5 yaşlı qızını zəhərləyərək qətlə yetirməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs Azərbaycan dilini yaxşı bilmədiyi üçün tərcüməçi ilə təmin edilib.

Məhkəmə baxışı oktyabrın 18-ə təyin edilib.

Qeyd edək ki, hadisə iyul ayında  Qusarın Hil kəndində baş verib.

Həmin kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Araşdırma nəticəsində məlum olub ki, Gülnarə Saypullayeva qızı  Luizanı zəhərləyəndən sonra peşman olubmuş. Hadisə isə belə baş verib: Cinayətdən bir neçə gün əvvəl 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə həşəratlara qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb. Az sonra uşağın halı pisləşib. Bunu görən Gülnarə ferma sahibinin yanına qaçaraq kömək istəyib və onun maşını ilə uşağı Qusar xəstəxanasına çatdırmağa çalışıblar. Lakin artıq gec olub, 5 yaşlı qız yolda keçinib. Xəstəxanadakı müayinədən sonra uşağın öldüyü dəqiqləşib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəyyən şübhələr olduğundan uşağın qanından və digər toxumalardan nümunələr götürülərək ekspertizaya təqdim edilib. Ekspertizanın nəticəsi azyaşlının zəhərlənməsini üzə çıxarıb.

Gülnarə Saypullayeva izahat verməsi üçün polisə çağırılıb və bu zaman o, törətdiyi cinayəti etiraf edib. Lakin qadın yeganə övladını niyə öldürməsinə məntiqi izah tapa bilməyib: “Birdən beynimə düşdü, qəfil qərara gəldim ki, uşağı zəhərləyim”.

///Lent.az