backend

Sosial dövlət xalqın təsisatlı təminatçısıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sosial sahədə əldə etdiyi zəngin təcrübə digər ölkələr üçün model rolunu oynaya bilər
Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir.
İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlər xalqının sosial rifahı yüksək olan dövləti qurmağı hədəf kimi qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər.
Azərbaycan dövləti ölkə vətəndaşının maraqlarını hər şeydən üstün tutur
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəfləri müəyyən edərkən deyirdi: “Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”.
Bu gün əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursuna malik olması, sosial cəhətdən həssas əhali qruplarının da etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.
Azərbaycanda sosial siyasət dövlət siyasətinin prioritetidir. Bunu Prezident İlham Əliyev belə dəyərləndirib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.
2017-ci ilin dövlət büdcəsinin 40,3 faizi sosialyönümlü xərclərə ayrılıb
Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vurmağımızı şərtləndirib. Bu modelin təməl prinsiplərini ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir.
Bu gün Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Ölkəmizdə sosial məsələ daim diqqət mərkəzində saxlanılır. 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizinin məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulması bunu bir daha təsdiqləyir. Bununla yanaşı, ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca istiqamətlərindən biri kimi iqtisadi inkişaf əsas məqsəd olmuş və ümumi iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilmişdir.
Son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunmuş və icra edilmişdir.
Diqqət edək: son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb, ölkədə minlərlə yeni müəssisə yaradılıb və 1.5 milyondan artıq yeni iş yeri açılıb. 3 mindən çox məktəb, 6 yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. Bölgələrdə 40-dan çox olimpiya idman kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib. Bununla yanaşı, şəhər və rayonlarda Heydər Əliyev Mərkəzi, gənclər evi, tarix diyarşünaslıq muzeyi, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib, yeni parklar, istirahət mərkəzləri yaradılıb və s. tədbirlər həyata keçirilib.
Sovet dövründən qalmış əmanətlər əhaliyə qaytarılıb
Bu müddət ərzində ölkə əhalisinin bütün kommunal problemləri həll olunub. Hətta sovet dövründən qalmış əmanətlər belə əhaliyə qaytarılıb.
Qazlaşdırma 51 faiz səviyyəsindən 93 faizə qalxıb, ölkə ərazisi, hətta sovet dövründə təbii qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılıb. 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası qurulub, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. 11 min kilometrdən çox avtomobil yolu tikilib, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub.
Regionlardan Bakıya yeni su xətti çəkilib, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatıb. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılıb, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Ölkədə bütün çadır şəhərcikləri ləğv edilib
Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb. Dörd su anbarı – Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib.
Pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunub. Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib, bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılıb.
Məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olunub və ölkədə bütün çadır şəhərcikləri ləğv edilib.
300-dən çox mehmanxana, 6 hava limanı tikilib
Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib, çoxlu sayda beşulduzlu hotellər də daxil olmaqla 300-dən çox mehmanxana tikilib.
Bölgələrdə 6 hava limanı və Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminalı istifadəyə verilib.
Bu illər ərzində əməkhaqları, pensiyalar və digər sosial ödənişlər dəfələrlə artırılıb, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanılıb və bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Hazırda agentliyin xətti ilə 29 bina tikilir. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilib.
Müharibə iştirakçılarının, şəhid ailələrinin, əlillərin, hərbçilərin, alimlərin, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini daim prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur
Təbii ki, bu siyasətin əsas mahiyyəti yoxsulluğu tamamilə aradan qaldırmaq, aztəminatlı əhali qruplarının dayanıqlı təminat sistemini yaratmaq və bununla da ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır.
Azərbaycanın sosial dövlət quruculuğu sahəsində əldə etdiyi zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də model rolunu oynaya bilər. Bu modelin unikallığı məhz ondan ibarətdir ki, yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Aztəminatlı təbəqənin mənafeyi mütləq nəzərə alınır və ölkəmizdə bazar iqtisadiyyatının inkişafı üçün atılan hər bir addım bu təbəqənin maraqları ilə uzlaşdırılmaqla həyata keçirilir.
İyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev son illər ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilən uğurları belə qiymətləndirib: “Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur”.