backend

Kamilə Əliyeva: Azərbaycan İslam coğrafiyasında nüfuzlu dövlət kimi tanınır və qəbul olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Tolerantlıq nümunəsi olan Azərbaycan İslam coğrafiyasında nüfuzlu dövlət kimi tanınır və qəbul olunur. Ölkəmiz yerləşdiyi Cənubi Qafqaz regionunda təhlükəsizlik və tərəqqiyə mühüm töhfələr verməklə yanaşı, bütövlükdə, İslam coğrafiyasında da həmrəyliyin təmin olunması, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafında mühüm rol oynayır.
Təsadüfi deyil ki, müsəlman ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verir, eyni zamanda, ölkəmizin İslam coğrafiyasında sülh, təhlükəsizlik və həmrəyliyə verdiyi töhfələr yüksək qiymətləndirilir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib ki, milli-mənəvi dəyərlərin qorunmasına müstəsna önəm verən Azərbaycan həm də İslam dəyərləri və ənənələrinin mühafizəsinə xüsusi diqqət göstərir. Onun sözlərinə görə, müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərlərinin, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür.
«Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Bir sözlə, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür. Digər bir mühüm məqam ondan ibarətdir ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində əhəmiyyətli rol oynayan ən başlıca amil Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirəcək, həm də müsəlman aləmini – islam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirəcək. Paytaxt Bakının belə bir mötəbər tədbirə ev sahibliyi etməsi həm də islamofob dairələrə – İslam dini nümayəndələrinə qarşı diskriminasiyaya, ayrı-seçkiliyə yol verən dairələrə ciddi mesajlar verəcək»- deyə, K.Əliyeva vurğulayıb.
//Editor.az