Övladları xaricdə təhsil alan valideynlərin diqqətinə: Risk etməyin!

22:26 | 15 Mart, 2020

Bu gün dünyada koronavirus pandemiyası tüğyan etməkdə davam edir. Bütün bunların fonunda bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda virus geniş yayılmayıb. Bir neçə hal baş verib ki, onlar da nəzarətə götürülüb. Virusun yayılmaması üçün dövlət tərəfindən önləyici tədbirlər görülüb və bu tədbirlər davam etməkdədir.

“Yeni Sabah” bildirir ki, bu gün problemlə bağlı ən böyük narahatlıqlardan biri də silə üzvləri xaricdə olan və ya övladları xaricdə təhsil alan ailələrdədir. Onlar hər vəchlə yaxınlarının ölkəyə qayıtmasına və yanlarında olmasına çalışırlar. Və bu da virusun yayılması üçün münbit şərait yaradır. Bununla bağlı övladları xaricdə olanların diqqətinə bir sıra məsələləri çatdırmaq istəyirik. Diqqətlə oxuyub doğru qərarların qəbul olunacağını düşünürük:

–    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVİD-19 virusunun qlobal pandemiya elan edilməsi fonunda dünyanın bir çox ölkələri kimi Azərbaycan hökuməti də lazımi səviyyədə qabaqlayıcı və mübarizə tədbirləri həyata keçirir.

–    Sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirəyə və bəzən əsassız təşvişə səbəb olan mövzulardan biri koronavirusun geniş yayıldığı yüksək risk ölkələrində yaşayan Azərbaycan vətəndaşlarının, xüsusilə tələbələrin ölkəyə geri qayıtmaq istəyidir.

–    Koronavirusun yayılmasının ilk mərhələsində ÜST dövlətlər və onların vətəndaşları üçün bir sıra tövsiyə xarakterli qaydalar hazırlanıb. Virusun yüksək keçiricilik xüsusiyyətini nəzərə alaraq əsas tövsiyələrdən biri insanların olduqları yerdə fərdi karantin rejimində qalması, səyahət etməməsi və mümkün qədər az insanla təmasda olmasıdır. ÜST-nin qənaətinə görə səyahət edərkən insanın koronavirusa yoluxma riski çox yüksək olur.

–    Çində virusun geniş vüsət aldığı zaman orada yaşayan Azərbaycan vətəndaşlarının əksəriyyəti Çin hökumətinin tətbiq etdiyi qaydalara riayət edərək orada qalmağa üstünlük veriblər. İstisna olaraq Çin hökuməti ilə razılaşdırılmış əsasda epidemiyanın episentri olan Uxan şəhərindən 10-12 nəfər Azərbaycan vətəndaşı şəhərdən təxliyə edilərək vətənlərinə qaytarılıb.

–    Çində epidemiyanın tüğyan etdiyi bir vaxtda belə Pekində çalışan Azərbaycan diplomatları və onların ailə üzvləri olduqları yerdə qalıb, karantin qaydalarına əməl etməklə öz fəaliyyətlərini və yaşayışlarını davam etdiriblər. Məhz bu qaydalara riayət etdiklərinə görə indiyə qədər onlar arasında heç bir yoluxma halı baş verməyib.

–    Nəzərə alınmalıdır ki, virusun yayıldığı ölkənin hüdudlarını tərk edən insan özü belə bilmədən potensial virus daşıyıcısına çevrilə bilər. Burada vətənə qayıtmadan öncə koronavirus testindən keçərək mənfi nəticə almasının heç bir fərqi yoxdur. Səyahət zamanı yoluxma təhlükəsi olduqca böyükdür.

–    Azərbaycan müsbət mənada ailə dəyərləri və bağlarının, qohumluq münasibətlərinin yüksək olduğu bir ölkədir. İnsanlarımız öz yaxınlarına qarşı qayğıkeşliyi ilə seçilir, yaxınlarının problemlərinə görə narahatlıq hissi keçirirlər, bir-birilərinə dəstək göstərməyə çalışırlar. Bu, millətimizin ən gözəl xüsusiyyətlərindən biridir. Bizim mentalitetdə belə bir adət var ki, xaricdə təhsil alan və ya yaşayan övlad öz vətəninə geri qayıdarkən ilk növbədə öz ailəsi və qohum-əqrəbası ilə görüşür, ünsiyyətdə olur. Özü də bilmədən virusu öz ailə üzvləri və qohum-əqrəbasına keçirə bilər, xüsusilə ahıl yaşda olan ata-anaları və baba-nənələrini ölüm təhlükəsinə ata bilər.

–    Gənclərin virusdan sağalması ehtimalı böyük olsa da, gələcək sağlamlıqları üçün fəsadsız ötüşəcəyini qətiyyətlə demək olmaz. Yaşlıların isə, xüsusilə xroniki xəstəlikləri olan böyüklərinin ölüm təhlükəsindən asanlıqla can qurtaracaqları real görünmür. Bunu həm övladlar, həm də onların valideynləri başa düşməlidirlər.

–    Cənubi Koreya təcrübəsi onu göstərdi ki, orada olan azərbaycanlı tələbələr bütün riskləri nəzərə alaraq məsuliyyətli davrandılar, Azərbaycana geri dönmədilər, daxili karantin qaydalarına riayət etdilər. Bunun nəticəsində də gənc həmvətənlərimiz arasında heç bir yoluxma faktı qeydə alınmadı.

–    Son bir həftə ərzində koronavirusun Avropa ölkələrində geniş yayılması səbəbindən ali təhsil müəssisələri bağlanıb, ciddi karantin rejimi tətbiq olunub. Dərslərin olmaması və Azərbaycanda da qarşıdan Novruz bayramının yaxınlaşdığını nəzərə alaraq, Avropada təhsil alan bir çox tələbələrimiz vətənə qayıdaraq həm bayramı yaxınları ilə keçirmək, həm də oxuduqları ölkələrdə vəziyyətin düzələcəyini Azərbaycanda gözləmək istəyirlər. Lakin kompakt şəkildə geri qayıdaraq özlərini, yaxınlarını və digər həmvətənlərini riskə atmaqdansa, Azərbaycanın səhiyyə sisteminə əlavə yük yaratmaqdansa, onların öz evlərində qalması və yerli ölkənin karantin qaydalarına ciddi riayət etməsi daha yaxşı olar.

–    Çində, Cənubi Koreyada və İranda olduğu kimi Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları və onların ailə üzvləri Azərbaycana qayıtmadılar, olduqları ölkənin karantin rejiminə ciddi riayət etməklə öz fəaliyyətlərini davam etdirirlər.

–    Tələbələr və valideynlər onu da nəzərə almalıdırlar ki, İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyana ən qabaqcıl sistemlərdən hesab olunur.

–    Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Lakin vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Buna görə də həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər.

Mövzunu Facebookda şərh et