“Məsələ çox ciddidir, konservatoriyanı bitirib maşın yuyanlar…”- Siyavuş Kərimidən qalmaqallı sözlər

04:55 | 19 Mart, 2020

Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Yaradıcı insanla söhbətə yaradıcılıq haqda sualla başlamaq istədik. Qarşıda hansı planlarınız var?

– Yardıcı planlar… Teatr və film musiqiləri üçün müxtəlif layihələr üzərində işləyirəm. Adətən, hansısa layihə haqqında onun üzərində işi bitirdikdən sonra danışmağa üstünlük verirəm. Hər şey zamana bağlıdır. Ona görə əvvəlcədən məlumat verməyi sevmirəm.

– Bu, sizin işinizə məsuliyyətinizdən irəli gəlir…

– Adətən, məlumatı verəndə cəmiyyətin bundan xəbəri olur. Bu işin isə bitib-bitməməsi məsələsi var. Mən sözümə əməl edən insanam, buna çox ehtiyatla yanaşıram.

– Hazırda Azərbaycan musiqisini necə qiymətləndirirsiniz?

– Azərbaycan musiqisi dünyanın ən gözəl musiqiləri sırasına daxil olan bir mədəniyyətdir. Nəinki azərbaycanlı olduğuma görə, həmçinin musiqimizi bildiyimə və ifa etdiyimə görə fəxr edirəm.

– Bəs, müasir dövrümüzdə niyə Fikrət Əmirovlar yetişmir?

– Hər şey istedada bağlıdır. Təbii ki, hər insan Üzeyir Hacıbəyov və Volfqanq Amadey Motsart ola bilmir. Amma kifayət qədər istedadlı insanlarımız var. Yalnız Fikrət Əmirov yox, Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev, Cahangir Cahangirov da var…

Bu gün on saniyədə dünyanın ən ucqar bir ölkəsinin musiqisi və mədəniyyəti haqqında məlumat əldə edə bilərsən. İnsanların zövqü də müxtəlifdir. Birinin xoşuna al, birinə şal gəlir. Bu gün səsi olmayan bir şəxs çox asanca məşhurlaşa bilər. Amma əvvələr belə deyildi, onda sənətə səsi olanlar gəlirdi.

– Uilyam Şekspir deyir, “o insan ki, içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır”. Maraqlıdır, siz ruhunuzu qidalandırmaq üçün hansı əsəri ifa edirsiniz?

– Mənə alətin arxasında olmaq kifayət edir. Orada artıq nə baş verir, bilmirəm.

– Ruhunuzun hansı halında piano arxasına keçirsiniz?

– Hər bir halda ola bilər, bircə əsəbi olmayım. Əsəbləşəndə alət arxasına keçmirəm.

– Adətən, insanlar deyirlər ki, əsəbləşəndə musiqi ifa edirlər…

– Bəzi insanlardan fərqli olaraq musiqiyə əyləncə kimi baxmıram. Peşə kimi baxıram. Yalnız evdə, ailəmlə olan zaman ona əyləncə kimi baxa bilərəm.

– Gənclərimizin çoxu trendə düşən müğənnilərin ifalarını dinləyirlər. Bununla necə mübarizə aparmaq lazımdır?

– Ümumiyyətlə, mənim bayağı musiqi ifadəsi xoşuma gəlmir. Retro musiqi deyirlər, retro kino ola bilər. Musiqi əsrlər boyu səslənir və bundan sonra da səslənəcək. Ona necə retro musiqi deyə bilərsən? Bu, artıq qeyri-peşəkarlıqdan irəli gələn bir amildir.

Əlbəttə, musiqi tərbiyəsi lazımdır. Mədəniyyəti təbliğ eləmək və tərbiyələndirmək mütləqdir. Tərbiyə sözü demokratik söz yox, diktatura sözüdür. Məsələn, uşaq düzgün hərəkət etməyəndə onu vurursan, bu, artıq diktaturadır. Deməli, mədəniyyət və demokratiya bir-biri ilə uzlaşmır. Mədəniyyəti diktatura vasitəsi ilə tərbiyə etmək lazımdır. Bu işdə informasiya vasitələrinin də üzərinə çox böyük yük düşür.

Sosial şəbəkələrdə nalayiq sözlər baş alıb gedir. Bu camaatın tərbiyə səviyyəsindən də xəbər verir. Buna yol verilməməlidir. Musiqinin bütün janrları gözəldir. Sadəcə keyfiyyətsiz ifalar ola bilər. Əsas məsələ təqdimatdır. Zövqsüzlük məsələsində günahkarı özümüzdə axtarmalıyıq. Özümüz düzgün təbliğ və tərbiyə etmirik.

– Konservatoriyanı bitirən tələbələrin mağazlarda kassir, maşınyuma məntəqələrində işləmələrinin qarşısını almaq üçün nələri edirsiniz?

– Tələbə ali məktəbi bitirir və əmək fəaliyyətinə başlayır. Ali məktəb rəhbəri kimi öz məzunlarımın sonrakı həyatı ilə də maraqlanıram. Nə işlə məşğuldurlar? Harada işə düzəliblər? Məlum olur ki, işə düzəlməyiblər. Baxmayaraq ki, konservatoriyanı qırmızı diplomla bitiriblər.

Bu sahədə problemlər çoxdur və təyinat sistemi işləmir. Bölgələrdə təyinat sistemi çatışmır. Dəfələrlə bu məsələni qaldırmışam, amma yenə də köhnə hamam, köhnə tas.

Tələbələr təyinatla rayonlara göndərilməli və iki il orada işləməlidirlər. Mütləq deyil ki, hamı Bakıda yaşasın. Bölgələrimizdə də tələbələr yetişdirilməlidir, orada müəllim qıtlığı var.

Mənə gələn məlumata görə, qeyri-peşəkar müəllimlər çoxdur. Tələbələr iş tapa bilmirlər. Görür ki, ailəsini dolandıra bilmir və maşın yuma məntəqəsində işləməyə məcbur olur, ya da hansısa turizm şirkətinə gedir. Bu çox ciddi məsələdir. Onun həlli tapılmalıdır. Hələ ki buna ciddi rekasiya yoxdur və çox acınacaqlı haldır.

– Ən yaxın dostlarınız kimlərdir?

– Ailəm və dostlarımdır. Dost-tanışlarım çoxdur. Onların da öz ailəsi var. Onlardan da soruşsanız yəqin ki, eyni cavabı alacaqsınız.

Dostlarım müxtəlif sahələrdə çalışırlar, həkim, biznesmen və s. Təklik yaxşı hal deyil.

– Dostluq məfhumunu necə izah edə bilərsiniz?

– Dost çox ola bilməz. İnsanın ailəsinə də deyə bilmədiyi sözü etibar etdiyi dostuna deyir. Elə şeylər var ki, onu ailədə danışmaq olmur. Mən ailədə tək övlad olmuşam, nə bacım, nə də qardaşım olub. Mən bu hissiyyatdan məhrum olmuşdum.

Təmasda olduğum insanlara tam etibar edirəm. Dost tük kimidir. Nağıldakı kimi, tükü yandırırsan və o dəqiqə sənin yanında olur. Yaxşı günün dostu çox olur. Ən yaxşı dostlar sənin dar günündə yanında olanlardır.

– Sizin dini baxışınız da maraqlıdır…

– Dinə baxış şəxsi məsələdir. Mən namaz qılmıram, məscidə çox az gedirəm. Amma bu o demək deyil ki, dinim yoxdur. Mənim Allahım, dinim, məscidim var, amma ürəyimdədir.

Məscidə gedənlər sırasında qəbahət iş görənlər, namaz qılıb düzgün iş görməyənlər var. Bunlardan uzaq insan olaraq mənim inamım daxilimdədir. Mərhəmət sahibi olmaq, insanlara kömək etmək lazımdır. Bunlar “Quran”da da yazılıb.

– Necə düşünürsünüz, dini inancın axirətdə rolu nə dərəcədədir?

– Mən bu məsələ ilə maraqlanmışam. Mənə elə gəlir ki, insan bir neçə həyat yaşayır. Və təxminən öz hesablamalarıma görə 10-13 həyat yaşayır. Sonra isə ya yanır, ya da növbəti mərhələyə gedir.

Bu haqda bir neçə alimlərlərlə də danışmışam. Onlar mənə söylədilər ki, bu, bir az İbn Sinanın fəlsəfəsinə uyğun gəlir. Hər bir insanın əvvəli olduğu kimi sonu da olur. Hər bir insan üçün axirət dünyası var. Hamı bir-birinə gözəl ölüm arzulamalıdır. Özlərini də ətrafdakıları da incitməməlidirlər.

El arasında deyirlər ki, yuxuda yatıb ölmək, ən gözəl ölümdür. Bu elə bir gözəl zirvədir ki, insan bu zirvəyə çatmalıdır. Ondan qorxmaq lazım deyil.

– Bilsəniz ki, sabah bəşəriyyətin sonudur nə edərsiniz?

– Allahlıq etməyəcəm ki. Neynəyə bilərəm? Bəşəriyyətin sonunu sadəcə qəbul edərəm.

– Məşhur aktyor Alen Delona “Allahla qarşılaşansanız ona ilk sualınz nə olar?” sualı ilə müraciət ediblər. Maraqlıdır ki, siz bu suala nə cavab verərsiniz?

– Sual vermərəm, deyərəm məni bağışla!

– Nəyə görə?

– Səhvlərimə… Səhv etməyən insan yoxdur. Hər bir insanın səhvi var.

– Hansısa səhvinizi etiraf edə bilərsiniz?

– Koronavirusa görə bura gəldiyim üçün çox səhv etdim (gülür). Dünyanın hər yerində koronavirus var. Oğlum Amerikada yaşayır, deyir ki, mağazlarda su yoxdur, hamısını alıblar.

– Azərbaycan Dövlət Televiziyasında bədii şuranın üzvüsünüz. Televiyalarımızı necə dəyərləndirirsiniz?

– Televiziyanın əsas funksiyası cəmiyyəti maarifləndirməkdir. Yəni cəmiyyəti öz arxanla aparmağa çalışmalısan. Bizdə bəzi televiziyalar var ki, cəmiyyətin arxasınca gedir. Bu düzgün deyil. Elə televiziyalar var ki, onları evdə proqramdan silmişəm.

Amma AzTV və İTV telekanalları çox gözəl işləyirlər. Digər televiziyaların da cəmiyyətimizə xeyir gətirəcək informasiya məkanı olacağına ümid edirəm.

Mövzunu Facebookda şərh et