backend

Əlavə rüsuma görə beş nəfər həcc ziyarətindən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məlum olduğu kimi, Azərbaycandan bu il ikinci dəfə və daha çox həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödənişlər ödəyəcəklər. Səudiyyə Ərəbistanı Həcc Nazirliyi tərəfindən qoyulan qaydaya əsasən, bir dəfədən çox ümrə ziyarətinə gedənlər üçün əlavə ödənişlər ləğv edilsə də, həcc üçün qüvvədə saxlanılıb. Qaydalara əsasən, Azərbaycandan bu ildən etibarən ikinci dəfə həccə gedənlər 535 ABŞ dolları, üçüncü dəfə və ondan çox gedənlər isə 550 dollar əlavə ödəniş etməli olacaqlar.
Qeyd edək ki, ötənilki həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollar olub. Bu ilə isə dolların məzənnəsi ilə bağlı olaraq qiymətlərdə bir qədər artım var, üstəgəl, bura ikinci dəfə gedənlər üçün rüsum da əlavə olunub.
Bəs görəsən, bu qayda azərbaycanlı zəvvarların sayına təsir edibmi?
Bununla bağlı hafta.az Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu həyata keçirən Qafqaz Müsəlmanları Ruhani İdarəsinə (QMİ) müraciət edib.
Qurumun əməkdaşı Hacı Hacıyev bildirdi ki, bu il təxminən 60 nəfərdən 535 dollar rüsum tələb olunub, onlardan 5 nəfəri 535 dolları ödəyə bilməyəcəyinə görə sənədlərini geri götürüb: “Bu, bizdən asılı deyil, Səudiyyə Ərəbistanı rəsmilərinin həcc ziyarəti ilə bağlı qərarıdır. Ona görə hər hansı köməklik etmək və ya qərarı dəyişmək bizim idarənin imkanı xaricindədir”.
Məsələyə münasibət bildirən Qarabağ seyid ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyir ki, Səudiyyə Ərəbistanındakı Həcc Nazirliyinin əksər qərarları əlavə qazanc məqsədi daşıyır.