“Çayla şirniyyatı eyni vaxta istehlak etsəniz…” – Ekspertdən xəbərdarlıq

23:27 | 25 Mart, 2020

“Novruz süfrəsi bol kalorili qidalardan ibarətdir və bu bayramda qidalanma rejimi tamamilə pozulur. Bu qidalar həddindən artıq kalorili olması ilə yanaşı, həm də artıq çəki verən qidalar hesab olunur. İnsanlar kalorili qidaları qəbul etdikdə, onun enerjiyə çevrildiyini nəzərə almırlar”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, bayram müddəti ərzində rejimsiz qidalanma maddələr mübadiləsinin pozulması və artıq çəkiyə səbəb olur:

“Bu problemlərdən sağlam insanlarla yanaşı, əsasən şəkərli diabet, yüksək qan təzyiqindən əziyyət çəkən xəstələr daha çox təsirlənirlər. Bayramı bayram əhval-ruhiyyəsində, sağlam keçirmək, bayramdan sonra problemlərlə qarşılaşmamaq üçün yemək miqdarını mütləq şəkildə nəzarətdə saxlamaq lazımdır.

Bunun ən yaxşı yollarından biri günə bir stəkan su ilə başlamaqdır”.

Ekspert insanların çəki artımın səbəblərindən birinin qidanı düzgün çeynəməməyin olduğunu qeyd edib: “Mədəyə dərhal yeməyi yükləmək düzgün deyil. Ətli, yağlı, isti yeməklərdən dərhal sonra şirniyyatları yemək olmaz. Bu problemlərin artmasına səbəb olur”.

Məhsəti Hüseynova çayın şirniyyatla birlikdə qəbulunun düzgün olmadığını vurğulayıb:

“Bu müddət ərzində ən böyük problemlərdən biri də şirniyyatlarla yanaşı, normadan artıq çay istehlak olunmasıdır. Çayı şirniyyatdan 15-20 dəqiqə, hətta yarım saat sonra istehlak etmək daha düzgündür. Bu qidalar eyni zamanda qəbul edildikdə, çəkinin artmasına, mədəaltı vəzinin funksiyasının pozulmasına səbəb olur. Çayları mümkün qədər bitki tərkibli çaylarla əvəz etmək lazımdır. Gün ərzində çəkiğvə yaşa görə maye qəbul olunmalıdır. Əks halda gələcəkdə, qastrit, mədə-bağırsaq florasının pozulması, şəkərli diabet və sair xəstəliklərlə qarşılamaq ehtimalı artır”.

Ekspert qeyd edib ki, idmanla məşğul olmaq mütləqdir: “Bayram vaxtı və bayramdan sonra qidalanma rejimi ilə yanaşı, fiziki aktivliyə də diqqət etmək lazımdır. Evdə də olsaq, saatlarla oturaq qalmaq olmaz. Hərəkətsiz qalmaq qan dövranın pozulmasına səbəb olur. Buna görə ev şəraitində gündəlik olaraq 15-20 dəqiqə idmana vaxt ayırmaq lazımdır”.

Mövzunu Facebookda şərh et