AXCP üzvü Əli Kərimliyə “od püskürdü”

03:20 | 10 Avqust, 2017

Paşa Umudov: “Uzun illərdir sədaqətlə partiya ideyalarına xidmət etsəm də, son dövrlər təşkilat daxilində baş verənlər məni və ətrafımda olan bir çox cəbhəçilərin Əli Kərimlini oyunbaz və dələduz şəxs kimi tanımağa vadar etmişdir”
AXCP sədri Əli Kərimlinin inhisarında saxladığı və avtoritar şəkildə idarə etdiyi təşkilatı daxilində zaman-zaman narazıların qiyam etməsi adi hala çevrilib. Belə ki, Ə.Kərimlinin yalnız şəxsi mənfəətlərinə və fərdi dividentlərinə xidmət edərək, cəbhəçiləri özünə nökər kimi görməsi həmin insanların səbrlərini daşdırır və onlar nəticədə ən sərt ifadələrlə sədrlərini ittiham atəşinə tuturlar. Əslində, Ə.Kərimlinin timsalında baş verən bir çox bənzər hadisələr bu cür hadisələrin yaıanmasına kifayət qədər şərait yaradır. Sirr deyil ki, vaxtilə Ə.Kərimlinin toruna düşərək həbs edilən bir çox cəbhəçilər sonda nə qədər səhvə yol verdiklərini anlasalar da gec olduğunun fərqinə varıblar. Bir çoxları öz səhvlərini təkrarlamamaq üçün dərhal AXCP sıralarını tərk edərək, xalqın inam bəslədiyi hakimiyyətin yürütdüyü siyasəti dəstəklədiklərini bəyan ediblər. Bu kimi halları sübuta yetirən faktlar kifayət qədər çoxdur.
Həbs edilənlərin ailələri uşaqlarının boğazlarından kəsib Əli Kərimliyə üzvlük haqqı ödəyirlər!
Bu arada daha bir cəbhəçi – partiyanın Sabirabad şöbəsinin üzvü Paşa Umudov öz sədrinə qarşı qiyam qaldırıb və Ə.Kərimlinin, eləcə də ailəsinin komfort həyat tərzi sürdüyünü deyərək, sıravi cəbhəçilərə yuxarıdan aşağı baxdığını bildirib. Onun sözlərinə görə, Kərimli sıravilərə öz nökərləri kimi baxır və feodal üslübda onları şəxsi məqsədləri istiqamətində istismar etməklə məşğul olur. “Uzun illərdir sədaqətlə partiya ideyalarına xidmət etsəm də, son dövrlər təşkilat daxilində baş verənlər məni və ətrafımda olan bir çox cəbhəçilərin Əli Kərimlini oyunbaz və dələduz şəxs kimi tanımağa vadar etmişdir”-deyə yazılı bəyanat yayan cəbhəçiyə görə, 11 nəfər AXCP üzvü onun siyasətinin qurbanı olaraq həbsdə yatır, hətta ailələri uşaqlarının boğazlarından kəsərək, partiyaya üzvlük haqqı ödəyir, ancaq Ə.Kərimli öz ailəsi ilə birgə kef edir, arvad-uşaqlarını Londona göndərir. Belə ki, P.Umudov Rusiyada yaşadığı qohumlarının dəvəti ilə hava limanında Ə.Kərimlinin Londona uçan ailəsini gördükdən sonra sözügedən yazılı bəyanatı ictimailəşdirmək qərarına gəlib.
“Yalan danışmadığımı fotoşəkillərdə özünüz də görə bilərsiniz”
“Hava limanında rastlaşdığım mənzərə Əli Kərimlinin sadəcə bir partiya sədri deyil, Böyük Dələduz, Hoqqabaz və Sehrbaz olmasını, natiqlik, təşkilatçılıq qabiliyyətini partiya ideyaları, xalqın maraqları üçün deyil, özünün zənginləşməsi üçün istifadə etdiyi barədə yaranan fikirlər məni rahat buraxmadı. Bəli, son vaxtlaradək partiya üzvləri ona inanır, müqəddəs bir insan kimi baxırdılar”-deyə qeyd edən narazı cəbhəçiyə görə, 20 ildir təkrarlanan eyni ritorika (“bu rejim getməlidir”, “artıq biz hakimiyyətə gəlmək üzrəyik”) həbsdə olan cəbhəçilərin ailələrinə bayramdan-bayrama 300 manat maddi yardım göndərməklə başa çatır. O, bildirir ki, həbsdə olanların ailə üzvlərinə 300 manat yardım göndərməsi əslində hər şeyin bir məqsədə – Əli Kərimlinin və ailəsinin komfortlu yaşayışının təminatına yönəldiyinin göstəricisidir. SİTAT: “Əli Kərimli bu şəxslərə edəcəyi 300 manatlıq yardımdan və bayağı, düşük şəkil aksiyalarından o tərəfə keçən də deyil. Təsəvvür edin ki, 10 minlərlə cəbhəçi barədə danışdığımız bir vaxtda, küçələrə çıxaraq bu rejimin devrilməsini, əqidə yoldaşlarımızın azadlığa buraxılmasını tələb etmək əvəzinə, çayxanalarda yığışıb siyasi məhbusların plakatları ilə şəkil çəkdiririk və sonradan onu videoçarx kimi sosial şəbəkələrdə yayırıq. Görəsən Əli Kərimli tutulsaydı Gözəl Bayramlı, Seymur Həzi, Fuad Qəhrəmanlı, Faiq Əmirli və digərləri onu beləcə ucuzvari yola verərdilərmi? Əli Kərimli həbs edilsəydi onun əqidə yoldaşları, onların ailə üzvləri Londonda və digər bahalı şəhərlərdə kef çəkərdilərmi? Heç inanmıram”.
“Zatən bu şəxsin 20 ildir söylədiyi “hakimiyyətə gələcəyik” kimi nağıllarına heç özü belə inanmır (amma bizi inandırmağa bacarmışdı) və övladının gələcəyini sığortalamaq üçün onu… İngiltərə vətəndaşı edir!!”
Narazi cəbhəçi bu yalanın 20 ildir davam etdiyini bildirir və gün kimi aydındır olduğunu yazaraq qeyd edir ki, onun Azərbaycanda hakimiyyətə gəlmək ümidləri yoxdur və onları sadəcə avam yerinə qoyaraq “Yurd” brendi altında yaratdığı şirkətdə pulsuz olaraq istismar edir: “Belə olmasaydı o, kiçik oğlunu dünyaya gətirmək üçün bir neçə il əvvəl həyat yoldaşını Londona göndərməzdi. Soruşarsınız ki, burada nə var? Məntiq isə sadədir. Azərbaycanın prezidenti olmağa hazırlaşan və ümidlərini bu ölkə ilə bağlayan şəxs İngiltərədə dünyaya gələn övladına avtomatik həmin ölkənin vətəndaşlığını qazandırmışdır. Həmişə praqmatik düşünən Əli Kərimlinin bu şahmat gedişinin səbəblərini başa düşmək üçün vunderkind olmaq gərək deyil. Zatən bu şəxsin 20 ildir söylədiyi “hakimiyyətə gələcəyik” kimi nağıllarına heç özü belə inanmır (amma bizi inandırmağa bacarmışdı) və övladının gələcəyini sığortalamaq üçün onu… İngiltərə vətəndaşı edir!!”
Göründüyü kimi, Ə.Kərimlinin qaçacaq yeri də yoxdur və ortaya qoyulan faktlar özü-özlüyündə hər şeyi tam çılpaqlığı ilə nümayiş etdirir. Əbəs yerə deyil ki, qiyamçı və narazı AXCP üzvü bir sıra riyazi hesablamalarla Ə.Kərimlinin bütün planlarını faş edir, bunu arqumentlərlə əsaslandırır. SİTAT: “Adi məktəblinin hesablaya biləcəyi və faktlara əsaslanan rəqəmlərə baxın. “Yurd” sədrinin hər iki övladı 11 il Bakı Oksford məktəbində (1 illik təhsil haqqı 11 min manatdır) oxuyublar. Beləliklə, hər iki uşağa 242 min manat vəsait xərclənib. Hər iki uşaq dünyanın ən bahalı təhsil sistemlərindən birinə malik Böyük Britaniyada oxuyublar və yaşayıblar. Londonda ortabab ali təhsilin bir ili 15 min funt sterlinqdən (hazırki kursla 33 min manat) aşağı deyil. Hər iki uşağın 5 illik təhsil xərci ən aşağısı150 min funt sterlinq (hazırki kursla 332 min manat) edir. London şəhərində ən ucuz mənzil kirayəsi 700 funt sterlinq (1 500 manat), 1 nəfər üçün minimum aylıq yaşayış xərci isə 650 (1400 manat) funt sterlinqdir. Beləliklə, 5 il ərzində 2 nəfər üçün kirayə haqqı 42 000 funt (93 000 manat), 2 nəfərin minimum yaşayış xərci isə 78 000 funt (172 min manat) edir. Hələ bura Bakı-London aviareyslərinə ayrılan vəsait, tətil, restoran, əyləncə və digər xərclər barədə rəqəmlər yazılmayıb. Adi hesablamalar göstərir ki, Dələduz Əli bəyin son 15 ildə görünən xərcləri 242 min manat + 270 min funt sterlinqdən (hazırki kursla 600 min manat) çoxdur ki, az deyil. Gözə görsənməyən xərcləri də nəzərə alsaq, həmin rəqəmləri (242 min manat + 270 min funt sterlinq) 2 bəlkə də 3 əmsalına vurmağımız tamamilə ədalətli olardı. Qarşımızda məmur-oliqarxların həyatına bənzər və onlardan geri qalmayan bir mənzərə canlanır. Heç nə olmaz, Allah Fuadın, Faiqin, Gözəlin, Seymurun, Asifin və digərlərinin canını sağ eləsin, onlar yatar, Əli bəy isə qazanar”.
“Sonuncu dəfə mətbuata verdiyiniz açıqlamada sürücünüzün təmənnasız xidmət göstərməsi barədə dediklərinizə hamımız sizin tərəfinizdən edilmiş bir zarafat, camaatla növbəti məzələnmə şousu kimi yanaşmışdıq”
Etirazçı cəbhəçi ortaya çıxardığı danılmaz faktlardan sonra AXCP sədrinin yenidən ortaya düşüb “hakimiyyətin ona qarşı plan işlətdiyini” iddia edəcək, hətta insanları növbəti dəfə özünə inandırmağa cəhdlər göstərəcək, ancaq bu dəfə ona kimsə inanmayacaq. SİTAT: “Düzdür, bu məktubu oxuyan Əli Kərimli həmişə öyrəşdiyimiz kimi ya çıxıb öz sehrbaz bacarığını göstərəcək və camaatı avam yerinə qoyaraq, nağıl söyləməyə başlayacaq, ya da ümumiyyətlə heç nə olmamış kimi davranacaqdır. Lakin indidən bir şeyi xatırladak ki, Əli bəy, sizin 2000-ci ildən etibarən söylədiyiniz “mənə dostlarım kömək edir, onların adlarını çəkə bilmərəm” kimi nağıllarınıza heç kəs inanmır. Çünki sonuncu dəfə mətbuata verdiyiniz açıqlamada sürücünüzün təmənnasız xidmət göstərməsi barədə dediklərinizə hamımız sizin tərəfinizdən edilmiş bir zarafat, camaatla növbəti məzələnmə şousu kimi yanaşmışdıq. Nə edək? Hər ay ona 350 manat verməyinizi hər bir cəbhəçi bilir”.
Nəticə olaraq bu faktların ortaya çıxarılması yaxın günlərdə AXCP sıralarında yeni narazılıq dalğasının qalxacağından xəbər verir. Çünki illər uzunu səslərini boğaraq birtəhər şəkildə susmağa məcbur olanlar bu dəfə susmayacaqlarını bəyan edirlər. Hətta AXCP sıralarından çıxarılsalar, sosial şəbəkələrdə Ə.Kərimlinin “söyüş qrupu” vasitəsi ilə həqarətərə, təhqirlərə məruz qalsalar belə, yenə də öz sözlərini deyəcəklər. Onun barəsində əsl gerçəkliyi yayıb, üzündəki artistlik maskasını birdəfəlik yırtacaqlar.