“Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də iş adamlarına“ – Prezident

21:18 | 28 Mart, 2020

“Əlbəttə, koronavirus ölkə iqtisadiyyatına da böyük zərbədir”.

Bu sözləri Prezident İlham Əliyev “Yeni klinika”nın açılışı zamanı deyib.

Prezident çıxışının davamında bir sıra vacib məsələlərə toxunub: “Bizim iqtisadiyyatımız yanvar-fevral aylarında çox yüksək templərlə inkişaf edib. Təkcə onu demək kifayətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 6,7 faizdir. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Qeyri-neft sektorunda sənaye istehsalı isə 21,7 faiz artıb. Mən düşünürəm ki, bu, rekord göstəricidir. İnflyasiya 2,8 faizdir, əhalinin gəlirləri 9 faiz artıb. Yəni, bu artım inflyasiyanı böyük dərəcədə üstələyir. Orta əməkhaqqı əhəmiyyətli dərəcədə artıb.

Azərbaycana gələn turistlərin sayı yanvar-fevral aylarında 18 faiz artıb. Onu da nəzərə almalıyıq ki, son 5 il ərzində turistlərin sayı ardıcıllıqla artıbdır. Yəni, bütün bunlara indi elə bil ki, ara verilir. Əlbəttə ki, indiki şəraitdə bütün ölkələr böyük iqtisadi çətinliklərlə üzləşirlər. İnkişaf etmiş ölkələrin dövlət, hökumət başçıları artıq açıq bəyan edirlər ki, bu xəstəlik çox ciddi böhrana gətirib çıxaracaq. Eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları da artıq açıq şəkildə bəyan edirlər ki, bu xəstəlik və onun törətdiyi və törədə biləcəyi fəsadlar 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Dünya iqtisadiyyatına böyük zərbə vurulubdur. Üstəgəl neftin qiyməti iki dəfədən çox düşdü və 24 dollar səviyyəsindədir. Bu, əlbəttə ki, bizim üçün böyük itkilərə gətirib çıxaracaq. Ancaq bizim əvvəlcədən qəbul edilmiş qərarlar əsasında gördüyümüz işlər hesab edirəm imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək”.

İlham Əliyev proqnozların şərti xarakter daşıdığını vurğulayıb: “Amma hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq”.

Dövlət başçısı hazırki vəziyyətlə bağlı görülən işlərdən söhbət açıb: “Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır. Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır.

Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, – mən bunu demişəm, bir daha demək istəyirəm, – böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk”.

Mövzunu Facebookda şərh et