Bəzi xəstəxanalar koronavirusa görə diaqnostik laboratoriyalarla təchiz olunub

04:08 | 29 Mart, 2020

“Bildiyimiz kimi daxildə koronavirusun aşkarlanması bizim üçün həyəcan təbilidir. Məhz buna görə də əvvəldən mövcud olan laborator-diaqnostika resurslarımızı birinci növbədə gücləndirməyi hədəflədik. Həm dövlətimizin, həm də Heydər Əliyev Fondunun dəstəyilə biz ölkəmizin bir çox regionlarını yeni – ən müasir laboratoriyalarla təchiz edə və bütün avtomatlaşdırılmış diaqnostika laboratoriyalarını qura bildik”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, quraşdırılan “Real-time PZR” laboratoriyaları ciddi əmək və xüsusi vərdişlər tələb edən əməkdaşlara ehtiyacı olan laboratoriyalardır:

“Həm kadrların sürətli hazırlığı, həm də cihaz və avadanlıqlarla təchizat həyata keçirilib. İlk günlərdə biz Fondun dəstəyi ilə Cəlilabad rayonunda laboratoriyaları, eyni zamanda Bakı şəhərində iki laboratoriyanı yerləşdirdik. Bundan daha əvvəl isə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində bu laboratoriyalar qurulmuşdur. Biz bu günlərdə Naxçıvan Muxtar Respublikasında da laboratoriyalar qurduq. Bunlar tam avtomatlaşdırılmış laboratoriyalardır”.

“Hazırda ölkəmizə yeni laboratoriyalar da gəlib, Gəncə şəhərində qərb bölgəsi üçün qurulacaq. Biz artıq 20 mindən artıq insanı müayinədən keçirmişik və məqsədimiz gündən-günə bunun sayını artırmaqdır”, – deyə TƏBİB sədri vurğulayıb.

Mövzunu Facebookda şərh et