Astara gömrüyündə ŞOK OLAY — Narkotik kişinin alt paltarından çıxdı

13:05 | 29 Mart, 2020

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Masallı rayon sakini, 1965-ci il təvəllüdlü Elşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Editor.az ın xəbərinə görə, Elşən İsmayılov 21 iyun 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda, tərkibindəki təsiredici maddənin ümumi miqdarı 7,96 qram təşkil edən üzərində “F/M40” nişanəsi olan 199 həb metadon narkotik vasitəsi, külli miqdarda 213,682 qram heroin narkotik vasitəsi və külli miqdarda 46,968 qram metamfetamin psixotrop maddəsi əldə edib.

O, psixotrop maddəni ayrı-ayrılıqda 3 büküm halında 1 bağlamada qablaşdırıb və malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi alt paltarının içərisində gizlədib.

Daha sonra Elşən İsmayılov həmin gün saat 17 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçib. Gömrük əməkdaşları tərəfindən o, həbs edilib.

İstintaq orqanı tərəfindən Elşən İsmayılovun barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elşən İsmayılov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Elşən İsmayılovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Etibar Camalovun icraatına verilib.

Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Elşən İsmayılovun şikayəti qismən təmin olunub və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Onun cəzası 5 il 6 aya endirilib.

Mövzunu Facebookda şərh et