“Onların həm beynəlxalq, həm də regional səviyyədə başa salınmasının vaxtı çoxdan çatıb” – Arzu Nağıyev

22:59 | 3 Aprel, 2020

İşğalçı Ermənistan hətta koronavirusun tüğyan etdiyi bu günlərdə də Azərbaycana qarşı təxribatlarından əl çəkmir. Bu ölkədə COVİD-19-a yoluxanların və ölənlərin sayı günbəgün artır, əhali hətta aclıq təhlükəsindən qorxur. Amma Nikol Paşinyan hakimiyyəti diqqəti xarici düşmənə yönəltmək üçün çeşidli təxribatlarını davam etdirir.

Son günlər Qazax rayonu istiqamətində düşmən ölkənin təxribatçı hücumlarının qarşısı Azərbaycan sərhədçiləri tərəfindən cəsarətlə alındı. Rəsmi olaraq açıqlandı ki, 3 erməni hərbçisi yaralı halda İrəvana aparılıb. Ancaq Erməmistan tərəf beynəlxalq təşkilatlara, KTMT-yə xitabən Azərbaycanı günahlandırmağa çalışır. Ermənistan və Qarabağ separatçıları hətta Azərbaycan torpaqlarında “seçki” keçirmələrinə belə, haqq qazandırmağa, rəsmi Bakını haqsıq çıxartmağa cəhdlər edirlər. Ancaq bəzi ayıq ermənilər də anlayırlar ki, Ermənistan bununla çox təhlükəli oyun oynayır.

Məsələn, Qloballaşdırma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan münaqişənini hazırkı vəziyyətindən danışarkən deyib ki, Azərbaycan aprel döyüşlərini təkrarlaya bilər. Onun fikrincə, koronavirusla bağlı dünyada və regionda yaranmış vəziyyət buna şərait yaradır. (Modern.az) “ATƏT-in Minsk Qrupunun monitorinq qrupunun təmas xəttindəki fəaliyyətinin dayandırılması, Qarabağda baş verən proseslər və s. hərbi əməliyyatların təkrarlanması riskini yaradır. Xüsusən Qarabağda gərgin atmosferdə keçən “seçkilər” fonunda Azərbaycan vəziyyətdən yararlana bilər” – deyə erməni politoloq pandemiyanın geosiyasi orbitdə ciddi dəyişikliklər yaratdığını əlavə edib.

Faktiki olaraq, saxta seçkilərin beynəlxalq birlik tərəfindən tanınmaması şəraitində separatçılar ayrı-ayrı güclərin əlində alət rolunu oynamaqda davam edirlər. İrəvan da aprel döyüşlərindən dərs çıxartmır.

Deputat Arzu Nağıyev Musavat.com-a açıqlamasında növbəti “dərs”in olacağını istisna etmədi: “2016-cı ilin Aprel döyüşləri vaxtı şəhid olan bütün hərbçilərimizin ruhu şad olsun! Doğrudan da bu döyüşlərdən sonra həm ermənilər və onların havadarlarının özləri haqqında, daha doğrusu, qondarma hərbi birləşmələri haqqında yaratdıqları mif sındı. Bundan sonra hərbçilərin həbsləri başladı, korrupsiya faktları ilə bağlı cinayət işləri başladı. Qeyd etmək lazımdır ki, aprel döyüşləri vaxtı heç bir beynəlxalq norma və prinsipləri pozulmayıb və Azərbaycan dövləti öz ərazisində iki günlük antiterror əməliyyatları həyata keçirib. İşğalçılar tərəfindən dinc əhalini gülləbaran edən, mənzillərini dağıdan düşmənə qarşı başqa cür hərəkət etmək də olmazdı”.

A.Nağıyev bildirdi ki, nəticə etibarı ilə çoxsaylı itki verən erməni quldurları mühüm strateji yüksəklikləri itirdilər: “Təbii ki, bu əməliyyatın araşdırılması nəticəsində erməni rəhbərliyi də çox mühüm vəzifələrini itirdi. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bundan da nə ermənilər, nə onların havadarları, nə də ki beynəlxalq təşkilatlar, ən mühümü də ATƏT-in Minsk Qrupu ciddi nəticə çıxarmadı. Paşinyan və onun komandası yenə də “qarabağ kartı”ndan istifadə etməklə öz hakimiyyətini qorumağa çalışır və seyrici mövqe tutan cavabdeh beynəlxalq qurumları sanki saya saymır. Öz iqtisadi və siyasi ambisiyalı planlarını həyata keçirmək üçün 31 martda “seçki” keçirilir və əvvəlcədən bilinən şəxsləri “ikinci tur”a keçirirlər”.

Deputat bildirdi ki, nəhayət, Ermənistan rəhbrəliyi ayılmalıdır: “Qazax istiqamətində yayındırıcı və KTMT-ni oyuna qatmaq kimi atılan məkrli palanlar, dünyada tüğyan edən koronavirus pandemiyasının guya Dağlıq Qarabağ ərazisndə yayılmaması kimi yalan siyasi addımlarla Paşinyan hakimiyyəti başa düşməlidir ki, regionda alovlana biləcək böyük müharibənin təməlini qoya bilərlər. Zənnimcə, onların həm beynəlxalq, həm də regional səviyyədə başa salınmasının vaxtı çoxdan çatıb”.

Musavat.com

Mövzunu Facebookda şərh et