Hikmət Babaoğlu: “Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq”

07:15 | 4 Aprel, 2020

Ölkəmizdə köklü islahatlar həyata keçirilir və bu islahatlar kompleks xarakter daşıyır. Milli Məclisdə həyata keçiriləcək islahatları da bu kontekstdə qiymətləndirmək lazımdır.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, hazırda Azərbaycanın indiki inkişaf mərhələsində elə inkişafın özünün gətirdiyi yeni şərtlər formalaşıb ki, bu da yeni milli və qlobal çağrışlar kontekstində daha dinamik və daha səmərəli fəaliyyət tələb edir:

“Əslində, 9 fevral 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra yeni tərkibdə formalaşan koplektləşməni seçicinin iradəsinə əsaslanan islahat hadisəsi kimi də səciyyələndirə bilərik. Bundan sonra tam yeni tərkibdə sədarətin seçilməsi, eyni zamanda bunun çoxpartiyalılıq əsasında baş tutması da özlüyündə yenilik və islahat xarakteri daşıyır.

Hazırda isə Milli Məclis sədrinin sərəncamında göstərildiyi kimi, Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulması ehtiyacı yaranıb və bu istiqamətdə addımların atılması gözlənilir. Bu, Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına Milli Məclis Aparatının da uyğunlaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.

Çünki hazırki mərhələdə Azərbaycan Parlamentinin qarşısında mühüm vəzifələr durur və bunlardan ən birincisi qanunvericilik fəaliyyətini və seçicilərlə işi yeni keyfiyyətdə qurmaqdan ibarətdir. Əminəm ki, Milli Məclis öz rəhbərliyi və deputat korpusu, o cümlədən yeniləşən Aparatı ilə birlikdə bu vəzifələrin öhdəsindən layiqincə gələcək”.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında sərəncam qəbul edib.

//Trend

Mövzunu Facebookda şərh et