Deputat: “Əfv sərəncamı xalqın çətin vəziyyətdə daha sıx birləşməsinə xidmət edəcək”

21:12 | 6 Aprel, 2020

“Bir müddət əvvəl məhkəmələrin qərarı ilə 200-dən çox məhkumun cəzalarının çəkilməmiş hissəsindən azad edildi. Bu gün də daha 176 məhbusun azad olunması barədə karantin rejimində Prezident İlham Əliyev əfv sərəncamı imzaladı. Təbii ki, bu, humanizm prinsiplərinin rəhbər tutularaq imzalanan əfv idi. Bu addım da ancaq alqışlana bilər”.

Editor.az xəbər verir ki, bu fikirləri report-a açıqlamasında deputat Əminə Ağazadə deyib.

Əminə Ağazadə qeyd edib ki, 65 yaşdan yuxarı şəxslərin əfvə düşməsi xalqın çətin vəziyyətdə daha sıx birləşməsinə xidmət edəcək.

Onun sözlərinə görə, hazırkı əfv aktı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürü olub. Dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4 871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40 412 şəxsi əhatə edib, onlardan 8 580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub:

“Ümid edirik ki, əfv olunan şəxslər də onlara qarşı atılan bu humanizm addımını anlayacaq və gələcəkdə cəmiyyətə fayda gətirməyə çalışacaq, əvvəlki əməllərindən çəkinəcəklər. Bundan sonra vətən üçün xidmət etməyə ən azından səy göstərməlidirlər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Mövzunu Facebookda şərh et