Sahil Kərimli: Koronavirusla effektli mübarizə Azərbaycan dövlətinin qüdrətini göstərir

21:14 | 8 Aprel, 2020

Azərbaycanda koronavirusla mübarizə ən yüksək səviyyədə davam etdirilir. Dövlət bütün resurslarını virusun yayılmasına qarşı yönəldib. Proses ilk gündən şəxsən Prezident İlham Əliyevin ciddi nəzarəti altındadır. Dövlət başçısı Azərbaycan vətəndaşlarının sosial rifahından tutmuş virusun qarşısının alınması, xəstələrin müalicəsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi, tibbi avadanlıq və ləvazimatların, dezinfeksiya məhsullarının, tibbi maskaların təminatına qədər ən xırda detalı belə şəxsən özü nəzarətdə saxlayır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev iş həftəsinə tibbi maska istehsal edən müəssisənin açılışında iştirak etməklə başladı. Dövlət başçısının bu müəssisəni şəxsən istifadəyə verməsi, istehsalla yerindəcə tanış olması prosesə necə həssas yanaşmasının göstəricisi idi.

Azərbaycan Prezidenti, həmçinin mütəmadi olaraq xalqa müraciətlər etməklə insanları məsuliyyətli olmağa, qayda-qanunlara əməl etməyə çağıraraq hər bir vətəndaşın həyatından necə narahat olduğunu nümayiş etdirir. Biz bir daha aydın görürük ki, Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı, yüksək həyat şəraiti dayanır. Dövlət başçısı bütün vətəndaşların həyatını düşünür və dövlətin gücünü tam olaraq bu istiqamətə sərf edir. Bu humanist və insanpərvər missiyada Birinci vitse-prezident Mehriban Əliyevanın da rolunu və xidmətlərini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan pandemiya ilə mübarizədə dünyanın ən qabaqcıl ölkələri sırasında yer alıb. Vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkədə vəziyyəti nəzarətdə saxlamaq mümkün olub. İndki durumda əminliklə demək olar ki, dövlətin həyata keçirdiyi preventiv tədbirlər hələ ki, müsbət nəticələr verməkdədir. Xüsusi karantin rejiminin daha da sərtləşdirilməsi və insanların hərəkətinə məhdudiyyətlər qoyulması bu baxımdan öz effektini göstərir. Sevindirici haldır ki, Azərbaycan hələlik pandemiyanın yaratdığı təhlükəli vəziyyətdən az itkilərlə çıxır. Burada əsəs səbəb dövlətin sərt və qabaqlayıcı tədbirləri, cəmiyyətimizdə yaranmış həmrəylik, vətəndaş-dövlət birliyi, həkimlərin xüsusi peşəkarlığı, polis əməkdaşlarının nümunəvi xidmətidir. Lakin yenə də vacib məqam vətəndaşların məsuliyyətli olması, karantin rejiminin tələblərinə riayət edilməsidir. Yalnız bu halda dövlətin gördüyü tədbilər daha effektli ola bilər və koronavirus bəlasını uğurla dəf etmək olar.

Azərbaycanda bu günə qədər 50 mindən çox insan testdən keçirilib. Biz bu baxımdan da dünyanın aparıcı ölkələri sırasındayıq. Bu, əlbəttə ki, xəstəliyin vaxtında müəyyən edilməsi, insanlara təcili tibbi xidmət göstərilməsi baxımdan çox önəmlidir. Azərbaycan dövləti bu günə qədər atdığı bütün addımlarla virusu lokallaşdırmağa qismən nail ola bilib, xəstələrin müalicəsi, ölüm hallarının az olmasına müvəffəq olub. Hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alır. Bu xəstəxanalar arasında Prezident İlham Əliyevin tapşırığı ilə vaxtından əvvəl istifadəyə verilmiş nəhəng “Yeni klinika” xüsusilə əhəmiyyətlidir. Eyni zamanda, təxminən 1 ay əvvəl dövlət başçısının bölgələrə səfəri zamanı Qazax, Goranboy və Şəmkir şəhərlərində açılan ən müasir xəstəxanalar da koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur.

Lakin görünən odur ki, Prezident İlham Əliyev bütün bunlarla kifayətlənmir. Bu gün paytaxt da daxil olmaqla ölkənin bəzi bölgələrində ən müasir avadanlıqlarla təchiz olunan yeni xəstəxanaların istifadəyə verilməsi üzərində iş aparılır. Artıq Prezident İlham Əliyev bu haqda sərəncam da imzalayıb və tezliklə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxana quraşdırılacaq. Tezliklə bu xəstəxanaların da açılışının şahidi olacağıq və bu tibb ocaqları koronavirus xəstələrinin müalicəsinə öz töhfəsini verəcək. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı son hesabatda Azərbaycan koronavirusla mübarizə sahəsində dünyada lider ölkələr sırasında yer alıb. Ölkəmiz virusla effektiv mübarizə, insanların testlərdən keçirilməsi, xəstələrin müalicəsi, yeni və müasir tibb mərkəzlərinin fəaliyyəti baxımdan MDB ölkələri arasında birinci yerdədir. Azərbaycan hətta bəzi inkişaf etmiş Avropa ölkələrini də qabaqlayır.

Azərbaycan dövləti xarici ölkələrdə olan vətəndaşlarının da taleyinə xüsusi həssaslıqla yanaşır. Həmin insanların ölkəmizə gətirilməsi istiqamətində operativ addımlar atılır və bu günə qədər 15 minə yaxın vətəndaşımız təxliyə edilib. Onların tam əksəriyyəti karantinə yerləşdirilib. Karantindəki vətəndaşların rahatlığı və məmnunluğu dövlətin nəzarətindədir. Onlar istər Bakı şəhərində, istərsə də bölgələrdə yüksək şəraitdə saxlanılırlar.

Karonavirus pandemiyası dünya iqtisadiyyatında çox ciddi tənəzzülə səbəb olub. Təbiidir ki, bu kritik durum Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Lakin Azərbaycan dövləti xarici şoklardan qorunmaq üçün lazımi addımlar atmaqdadır. Gündəlikdə dayanan ən vacib məsələ vətəndaşların sosial təminatı, həssas təbəqələrdən olan insanlara – işsizlərə, muzdla işləyən işçilərə dövlət yardımının verilməsidir. Məlumdur ki, Prezident İlham Əliyev ilkin mərhələdə bu məqsədlər üçün 1 milyard manat vəsait ayırmışdı. Lakin bu məbləğ kifayət etmədiyindən daha çox vəsait ayrılması nəzərdə tutulur. Bütün bu addımlar iqtisadi sabitliyi təmin edəcək, məşğulluqla bağlı problemlər öz həllini tapacaq və ölkədə makroiqtisadi, maliyyə vəziyyəti sabit olacaq.

Dövlətin gücü həm də çətin vəziyyətlərdə atdığı addımlarla, hadisələri nəzarətdə saxlamaq imkanları ilə, bütün problemlərin öhdəsindən layiqincə gəlmək qabiliyyəti ilə ölçülür. Azərbaycan dövləti bu mənada Prezident İlham Əliyevin liderliyi ilə ağır dönəmdə öz gücünü, qüdrətini göstərməkdədir. Azərbaycan koronavirus pandemiyası ilə əzmlə mübarizə aparır. Prezident İlham Əliyev virusla mübarizədə, belə desək, səfərbərlik elan edib. Dövlət başçısı bütün vətəndaşları bu işə dəstək verməyə, məsuliyyətli olmağa, nizam-intizama, qayda-qanunlara əməl etməyə çağırır. Azərbaycan Prezidentinin bu tələblərinə, tövsiyələrinə əməl etmək hər birimizin – bütün vətəndaşlarımızın dövlət və xalq qarşısında müqəddəs borcudur.

Sahil Kərimli
Trend BİA-nın baş direktor müavini

Mövzunu Facebookda şərh et