Baş infeksionist: “Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib ki, vətəndaşlarının sağlamlığını təmin etsin”

21:52 | 8 Aprel, 2020

Azərbaycanda daha çox sayda insanın koronavirusa yoluxmaması və onların sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür.

Editor.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması bir çox ölkələrlə müqayisədə o qədər də geniş vüsət almayıb. Lakin bu, o demək deyil ki, xəstəlik Azərbaycanda geniş vüsət ala bilməz və ölkəmiz bu məsələdən sığortalanıb:

“Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Ancaq Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib ki, vətəndaşlarının sağlamlığını təmin etsin. Dövlətimiz yalnız ölkə daxilində deyil, ölkədən kənarda olan 15 minə yaxın Azərbaycan vətəndaşının da təxliyəsini təşkil edərək, onların sağlamlığının qorunması üçün mühüm tədbirlər həyata keçirib”.

Ölkəmizdə ən müasir xəstəxanaların koronavirus xəstələrinin müalicəsi ilə məşğul olmasını da müsbət amil kimi dəyərləndirən C.İsayev əlavə edib ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Yeni texnologiyalar əsasında inşa ediləcək xəstəxanalar bütün lazımi avadanlıqlarla təchiz ediləcək.

Baş mütəxəssis hesab edir ki, hər bir Azərbaycan vətəndaşı dövlətimizin onun sağlamlığının qorunması üçün gördüyü işlərə dəyər verərək, özü də sağlamlığının qorunması üçün məsuliyyətli olmalı və və dövlətin qoyduğu qadağalara əməl etməlidir:

“Biz yalnız bu yolla xəstəliyin geniş vüsət almasının qarşısını ala bilərik. İnsanlar məsuliyyətli olmalı, nizam-intizamı, qaydaları pozmamalı, özlərini, yaxınlarını qorumalıdırlar. Biz həm milli birlik, həmrəylik, həm də məsuliyyət nümayiş etdirməliyik”.

Baş infeksionist hazırkı dövrdə bu qadağalara əməl edilməsini xəstəliyin yayılmasının qarşısının alınması üçün olduqca mühüm amil sayıb.

Mövzunu Facebookda şərh et