backend

İntiqam Babayev: "Skautinqin ideyaları azərbaycanlılara çox yaxındır"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 41-ci Dünya Skaut Konfransının açılışı keçirilib. Bakı Konqres Mərkəzində təşkil olunan konfrans 18 avqustadək davam edəcək. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən və dünyanın 160 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatıldığı bu beynəxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqlar iştirak edib.
Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bildirib ki, Skautinqin ideyaları azərbaycanlılara çox yaxındır.
“41-ci Dünya Skaut Konfransı – iştirakçıların sayı və təmsil olunan ölkələrin sayına görə Azərbaycan tarixinin ən böyük beynəlxalq gənclər tədbiridir. Ən maraqlısı isə budur ki, bu tədbirin keçirilməsi Azərbaycan Skautlar Assosasiyasının, Dünya Skaut Hərəkatı Təşkilatı ilə sıx əməkdaşlıq sayəsində baş tutur. Nəzərə alaq ki, bu cür tədbirin Bakıda keçirilməsinə nail olmaq elə də asan olmayıb. Amma Azərbaycan Skautlar Assosiasiyasının apardığı düzgün təbliğat nəticəsində, ölkəmiz Beynəlxalq Skautlar Hərəkatının tədbirlərinə ev sahibliyi edir.
Beynəlxalq imic baxımından bu tədbirin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Sirr deyil ki, Azərbaycan dəfələrlə belə böyük tədbirlərə ev sahibliyi edib və 13-cü Dünya Gənc Skautlar Forumu və indi keçirilən konfrans da belə tədbirlər kimi gənclərin beynəlxalq əməkdaşlıq tarixində öz layiqli yerini tutacaq və digər tərəfdən, Azərbaycan bu gün 160 ölkədən 1500 qonağı qəbul edir. Bu insanlar müxtəlif ölkələri və mədəniyyətləri təmsil edir. Bu qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyi və tarix və mədəniyyətimizlə yaxından tanış olacaq və gələcəkdə bu təəsüratlarını özlərinin dostları ilə bölüşəcəklər. Skautinqin ideyaları azərbaycanlılara çox yaxındır, çünki vətənpərvər vətəndaşların tərbiyə edilməsi, ətraf mühitin mühafizəzi, insanlara yardım, özünütəkmilləşdirmə, düzgünlük, fiziki, mənəvi və intellektual inkişafı təmin etmək – Azərbaycanın gənclərlə bağlı olan siyasətinin əsas məqsədləridir.
Mən əminəm ki, Azərbaycanda gələcəkdə skautinqin inkişafı üçün bütün şəraitlər mövcuddur və inanıram ki, ölkəmizdə skautların sayı gündən-günə artacaq. Hesab edirəm ki, Azərbaycan skautları daim həm xaricdə, həm də ölkə daxilində təşkil olunacaq beynəlxalq tədbirlərdə aktiv iştirak edəcəklər.
Hesab edirəm ki, bu tədbir bizim gənclərə skautlar barədə daha çox məlumat əldə etmək üçün şərait yaradacaq. Əsas məqam isə ondan ibarətdir ki, onlar bunu öz yaşıdlarından, sosial şəbəkələrdən eşidib oxuyacaqlar. Bu gün Azərbaycanda yüzlərlə QHT fəaliyyət göstərir və onların davamçılarının sayını administrativ yolla artırmaq qeyri-mümkündür. Təşkilatlar özləri elə düzgün iş qurmalıdır ki, onlara ictimai maraq artsın. Skautinqin düşərgə, gözəl uniforma, liderlərin statusları kimi atributları, özü-özlüyündə davamçılarını cəlb edir.
Biz nazirlik olaraq Azərbaycan Skautlar Assosiasiyasına həm maddi, həm də təşkilati dəstəyimizi əsirgəmirik. Biz onlar üçün skautlar düşərgələrinin təşkilində, azərbaycanlı skautların xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakını təmin edirik”.
//Oxu.Az