backend

“Biz gəlirik” – yenilikçi müxalifət dağıdıcılara meydan oxudu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar, xüsusilə sonuncu prezident və parlament seçkilərindən sonra ölkə müxalifətində fəaliyyət göstərən bir çox siyasilər təmsil olunduqları düşərgənin köklü şəkildə yeniləşməsi barədə müxtəlif ideyalarla çıxış edirlər. Hətta bu dövr ərzində özlərini aparıcı müxalifət partiyası qismində təqdim edən AXCP, Müsavat və s. tipli siyasi təşkilatlarda ciddi böhranlar yaşandı, parçalanmalar baş verdi, hətta yeni qurumlar belə yaradıldı. Misal üçün, Müsavatın sonuncu qurultayında baş vermiş saxtakarlıqların ardınca partiya başqanının müavini olmuş Qubad İbadoğlu və onu dəstəkləyən müsavatçılar istefaya gedərək “Azərbaycan Demokratiya və Rifah” adlı hərəkat ətrafında birləşdilər, Müsavat divanının üzvü Tural Abbaslı və ətrafı Ağ Partiya yaradaraq ayrıca fəaliyyətə keçdilər, AXCP-də də bənzər hallar yaşandı və bu gün illər öncə bir neçə yerə parçalanaraq ayrı-ayrı partiyalar şəklində fəaliyyət göstərən siyasi təşkilatlara daha biri də əlavə olundu ki, bu da Razi Nurullayevin sədri olduğu alternativ AXCP-dir. Həmçinin, REAL, “Milli Şura” və s. birliklərdə də kəskin parçalanmalar, ziddiyyətlər yaşandı. SİAxəbər verir ki, beləliklə, hazırda düşərgədə yenilik barədə danışan tərəflər əslində öncəki rəhbərliklərini siyasi arenadan çıxdaş etmək məqsədləri ilə mövcud addımlarını atırlar. Lakin bütün bunlara rəğmən, onların sözügedən kontekstdən etdikləri çıxış və düşüncələri maraqdoğurucudur.
“Ağ Partiya”nın sədri Tural Abbaslı: “Yenidən cəmiyyəti müxalifətə inandırmaq asan məsələ deyil”
Məsələn, sabiq müsavatçı funksioner, Arif Hacılıya və onun partiyadaxili klanına qarşı barışmaz mövqe sərgiləyən “Ağ Partiya”nın sədri Tural Abbaslı müxalifətyönlü mediaya – “Cümhuriyyət” qəzetinə verdiyi açıqlamasında bildirib ki, müxalifət düşərgəsində yeniliyin əldə olunması indiki zamanda çox çətin bir prosesdir və bu, onların müəyyən qədər vaxtlarını ala bilər. Belə ki, uzun müddət tərəfdarlarına yalan danışmış, boş vədlər vermiş “liderlər” bu vasitə ilə özlərini xalqdan təcrid ediblər. SİTAT: “Yeni və müasir dünya siyasətinə cavab verən siyasi qüvvələrin özünə yer etməsi çətin prosesdir. Cəmiyyətlə işləmək və yenidən cəmiyyəti müxalifətə inandırmaq asan məsələ deyil”.
“Bizdən qabaqkıların yarıtmaz siyasəti nəticəsində “müxalifət” sözünə belə insanlar inanmaq istəmirlər”
T.Abbaslı hazırda uğurlu fəaliyyət göstərə bilməmələrinin əsas basikarlarının da müxalifət “liderlərinin” olduğunu bildirib. Onun sözlərinə görə, indiki şərtlər altında işləmək çətindir, çünki ənənəvi müxalifətin cəmiyyətə vurduğu zərbənin əvəzini də onlar – yenilikçilər ödəyirlər. “Bizdən qabaqkıların yarıtmaz siyasəti nəticəsində “müxalifət” sözünə belə insanlar inanmaq istəmirlər”-deyə etiraf edən “Ağ Partiya”nın sədrinə görə, ötən müddət ərzində dəymiş ziyanı tezliklə bağlamaq mümkün deyil. O, qeyd olunanlarla yanaşı, hakimiyyətlə dialoq mühitinin yaradılmasının da tərəfdarı olduğunu hesab edir: “Hazırda özümüz, qurduğumuz platformanı cəmiyyətə təqdim etməyə çalışırıq. Hakimiyyət – müxalifət münasibətlərinin düşmənçilik yox, dialoq zəminində qurulması üçün mübarizə aparırıq. Dünənə qədər müxalifət – iqtidar münasibətləri qeyri-ciddi ənənələr üzərində bərqərar idi. Biz bu mənzərəni dəyişməyə çalışırq. Hesab edirəm ki, bu vəziyyət dəyişəcək”.
Əslində, kifayət qədər sivil və müxalifətçiliyin siyasi mədəniyyəti istiqamətindən çıxış edən T.Abbaslı cəmiyyətin də əvvəlki kimi olmadığını bildirib, insanların köhnə müxalifət “liderləri” kimi meydan təfəkküründən uzaq olduqlarını vurğulayıb. “Cəmiyyət artıq əvvəlki kimi deyil və bir sıra siyasi partiyaların əllərində olan qəzetlərlə öz fikrini formalaşdırmır”-deyən partiya sədri bu istiqamətdə fəaliyyət göstərəcəklərini deyib: “…Biz bu istiqamətdə işlərimizi davam etdirsək, cəmiyyət bizə inanaraq bizi qəbul edəcək. Proseslər bununla yeni mərhələyə keçəcək”.
Beləliklə, T.Abbaslı öz fikirlərində açıq-aydın bildirir ki, radikalizm və dağıdıcılıq fəaliyyəti, köhnə təfəkkürdə qalmaq iddiaları heç bir səmərə vermir və sivil müxalifətçiliklə daha münbit fəaliyyət göstərmək mümkündür.
“Ənənəvi müxalifət isə geri çəkilmək istəmir, hətta, kürsülərində yubiley yaşlarını qeyd edən partiya sədrləri var”
Eyni prizmadan alternativ AXCP rəhbərliyi də çıxış edir. Məsələn, Razi Nurullayevin sədri olduğu bu partiyanın funksioneri Ehtiram Mehtiyevə görə, ölkə müxalifətinin durumu acınacaqlı haldadır. Partiya səlahiyyətlisi bildirir ki, dağıdıcı müxalifət prosesləri elə bir istiqamətə yönəldilib ki, insanlar yeni simalara, yeni liderlərə ehtiyac hiss edirlər. SİTAT: “Yeni dönəm və yeni mübarizə lazımdır ki, bu problemləri həll etsin. Biz Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq, bu yöndə fəaliyyətimizi aparırıq”.
Alternativ AXCP-nin sədr müavini onu da deyib ki, təmsil etdiyi siyasi təşkilatın rəhbərliyi Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və s. bənzər “liderlər” kimi boş-boş və cəfəng düşüncələrə qapılmır. “Biz boş vədlər vermirik, dəyişiklik üçün öz gücümüzü ortaya qoyacağıq”-deyə qeyd edən E.Mehtiyev iddialarında sona qədər qalacaqlarını və radikal baxışı olan köhnəlmiş, nimdaş müxalifəti sıradan çıxaracaqlarını vurğulayıb: “Ənənəvi müxalifət isə geri çəkilmək istəmir, hətta, kürsülərində yubiley yaşlarını qeyd edən partiya sədrləri var. Biz bunu aradan qaldırmağa çalışırıq”.
Görünən isə budur ki, qarşılarına məqsəd qoyan və yenilikçi olaraq çıxış edən müxalifətçilər bu addımları ilə özlərini xalqdan təcrid etmiş, inam və etibarlarını itirmiş “liderlərə” açıq meydan oxuyurlar. Bu mübarizədə kimlərin qalib gələcəyini isə əlbəttə, zaman göstərəcək. Ancaq etiraf etməliyik ki, öz partiyalarında radikalçılıq, avtoritar idarəetmə üsulu sərgiləyən “liderlərin” siyasi ölümləri sürətlə yaxınlaşır. Bu faktor özünü son vaxtlar daha qabarıq olaraq göstərməkdədir.
//SİA