backend

"Qarabağ" "qara bazar"da bilet satışı məsələsinə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” futbol klubu Çempionlar Liqasının “pley-off” mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) matçına bilet tapılmaması və biletlərin “qara bazar”a yol açması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Klubun mətbuat katibi Nurlan İbrahimov Trend-ə deyib ki, “Qarabağ” – “Kopenhagen” matçına maraq olduqca böyükdür: “Hazırda kassa açıqdır və matç üçün müəyyən biletlər var ki, onlar da satılır. Bu gün saat 16:30-dan etibarən isə 5 və 25-ci sektorlara biletlər də satışa çıxarılacaq. Bu biletləri ona görə saxlamışıq ki, şəhərdən kənarda olan digər insanlar da bilet əldə edə bilsinlər”.
Onun sözlərinə görə, bilet qıtlığı tələb və təkliflə bağlı məsələdir: “Yəni 30 min bilet satışa çıxarılırsa, lakin 100 min nəfər oyuna tamaşa etmək istəyirsə, təbii ki, 100 minin hamısı bilet əldə edə bilməyəcək. Bu baxımdan azarkeşlərin hamısının bilet ala bilməməsi təbiidir”.
“Qara bazar”a gəlincə isə N.İbrahimov bildirib ki, klub kassa daxilində bilet satışına məsuliyyət daşıyır. Klubun hər hansı bir şəxsin əlindən bileti almaq, ərazidən uzaqlaşdırmaq kimi bir səlahiyyəti yoxdur:
“Klub səlahiyyətləri çərçivəsində biletlərin “qara bazar”a çıxarılmaması üçün tədbirlər görüb. Misal üçün, bir nəfərə 3-dən artıq bilet satılmır. Digər tərəfdən, əvvəl də qeyd etdiyim kimi, biletlərin bir hissəsini sonraya saxlamışıq ki, şəhərdən kənarda olan insanlar da bilet əldə edə bilsinlər. Yəni əgər biz istəsəydik, biletləri artıq satıb qurtarardıq, lakin “qara bazar”a çıxmasının qarşısını almaq üçün bu cür tədbirlər görmüşük”.