Ukraynada Azərbaycan multikulturalizmi haqqında videoçarxlar müsabiqəsi elan edilib

15:36 | 18 Aprel, 2020

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Ukraynada gənclər arasında “Mənim üçün “Azərbaycan multikulturalizmi” nə deməkdir?” mövzusuna həsr edilmiş videoçarxlar müsabiqəsi keçirir.

Müsabiqənin kuratoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Qonçaruk AZƏRTAC-a bildirib ki, tələbələr Azərbaycan multikulturalizmi konsepsiyası haqqında videoçarxlar çəkəcək, bu haqda biliklərini bölüşəcək, bu konsepsiyanın mədəniyyətlərarası və dinlərarası dialoqun reallaşdırılması, tolerantlığın, qarşılıqlı hörmətin və ümumbəşəri dəyərlərin təbliği üçün əhəmiyyətindən söhbət açacaqlar.

Marina Qonçaruk deyib: “Biz müsabiqənin başlanğıc tarixini təsadüfi seçməmişik, axı 15 aprel Beynəlxalq Mədəniyyət Günüdür. Mənim fikrimcə, dünyada xalqların və etnosların identikliyinin inkişafı üçün əlverişli şərait yaradılmadan mədəniyyətin inkişafı qeyri-mümkün olardı. Həmçinin bu gün bəşəriyyətin malik olduğu zəngin mədəni irsi qoruyub saxlamaq üçün müxtəlif etnoslar tolerantlıq şəraitində, dinc yanaşı yaşamalıdırlar. Lakin dünyada etnik və dini zəmində münaqişələr hələ də mövcuddur. Ona görə, əlbəttə, cəmiyyətə, ilk növbədə, gənclərə bunu xatırlatmaq həmişə aktualdır ki, sülh və qarşılıqlı hörmət, müxtəlif mədəniyyətlərin nümayəndələri üçün əlverişli həyat şəraiti bəşəriyyətin həyatının müxtəlif sahələrinə güclü təsir göstərir. Həmçinin qeyd etmək istəyirəm ki, müxtəlif ekspertlərin fikrincə, ukraynalılar Avropanın ən tolerant xalqlarından biridirlər. Bizdə də müxtəlif xalqların, müxtəlif dinlərin nümayəndələri həmişə dinc yanaşı yaşayıblar. Bu səbəbdən Ukraynanın gəncləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bütün layihələrini böyük sevinclə qəbul edir, onlarda fəal iştirak edirlər. Düşünürəm ki, bu müsabiqə bizim gənclərimizdə ruh yüksəkliyinə səbəb olacaq, onları kreativlik və yaradıcı yanaşma nümayiş etdirməyə həvəsləndirəcək”.

Müsabiqəyə təqdim olunan işlər mayın 8-nə qədər qəbul ediləcək. Qaliblərin adları mayın 10-da elan olunacaq.

Mövzunu Facebookda şərh et