İmtahana koronavirusdan suallar salına bilməz: Təhsil eksperti Məleykə Abbaszadə ilə razılaşmır

01:26 | 22 Aprel, 2020
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, bu il lV ixtisas qrupu üzrə təşkil olunacaq imtahanlara koronavirusla bağlı suallar da salınacaq.
Düzdür, həmin ixtisas qrupuna sənəd verənlər biologiya və kimyanı yaxşı bilməlidirlər. Amma bu, o demək deyil ki, alimlərin də aciz qaldığı xəstəlik barədə şagirdlər məlumatlı olmalıdırlar. Qərar nə qədər ədalətlidir?
Məleykə Abbaszadənin fikrini qiymətləndirən təhsil eksperti Kamran Əsədov bunun düzgün olmadığını dedi:
“Bütün növ imtahanlarda qiymətləndirmədə verilən suallar dərslikləri əhatə etməlidir. Dərslikdə olmayan ifadə, termin, faktdan test tapşırığı tərtib edilə, orta məktəb bazasından imtahanda iştirak edən şəxslərə təqdim edilə bilməz. Qəbul və buraxılış imtahanlarında imtahan iştirakçılarına təqdim edilmiş test tapşırıqları orta məktəb dərsliklərində keçirilmiş mövzulardan olmalıdır. Bu, bir tələbdir. Heç kim orta məktəb proqramından kənar mövzudan, termin və ifadədən qəbul imtahanında test tapşırığı tərtib edə bilməz”.
K. Əsədov, həmçinin bildirib ki, ancaq 10- cu siniflərin Biologiya dərsliyində olan mövzulardan imtahana sual salına bilər:
“Kitabın üçüncü bölməsi epidemiologiya haqqındadır. Bu bölmə 9 paraqrafdan, 26 səhifədən ibarət olub, müxtəlif virus və bakteriyalardan bəhs edir. Qəbul imtahanlarında məhz bu materiallardan istifadə olunmalıdır. Bəli, imtahanda viruslarla bağlı suallardan istifadə etmək olar. Lakin kitabda olanlarla kifayətlənmək şərti ilə. Hələlik isə Biologiya dərsliklərində koronavirusla bağlı bir məlumat yoxdur”.
//”Sherg.az”
Mövzunu Facebookda şərh et