Koronavirusa yoluxduğu üçün komada olan qadın sağlam uşaq dünyaya gətirdi – FOTOLAR

16:50 | 23 Aprel, 2020

ABŞ-ın Nyu-Cersi ştatından olan qadın koronavirusa yoluxduğu üçün süni komaya salınmasına baxmayaraq, sağlam uşaq dünyaya gətirə bilib.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, martın 20-də Coana Rosio Mendoza Çankay tibbi sənədlərə imza atmağa gələrkən həkimlər onun öskürdüyünü görüblər. Qadın koronavirus testindən keçirilib və nəticələr müsbət olub. Bu, Çankayın hamiləliyinin 26-cı həftəsində baş verib.

Bir müddət sonra xəstəliyin simptomları ağırlaşmağa başlayıb və artıq bir neçə gündən sonra qadın sərbəst nəfəs ala bilməyib. Onu xəstəxanaya yerləşdiriblər. Həkimlər uşağın təhlükədə olduğunu bildirərək, təcili qeysəriyyə əməliyyatı təklif ediblər.

Çankay süni koma vəziyyətinə salınıb. Martın 30-da qadının qızı dünyaya gəlib. Sion adı qoyulan körpə vaxtından əvvəl doğulduğu üçün cəmi 800 qram çəkiyə malik olub.

Buna görə, o, intensiv terapiya şöbəsinə yerləşdirilib. Uşağın koronavirusa yoluxmadığı aşkarlanıb.

Aprelin 13-də isə ana süni komadan çıxarılıb.

“Uşağım və özüm həyatda olduğumuz üçün həkimlərə minnətdaram”, – deyə Çankay bildirib.

Qadın övladını ancaq iyulda qucağına ala biləcək (körpə məhz həmin vaxt dünyaya gəlməli idi). Hələlik uşaq xəstəxanada həkimlərin nəzarəti altındadır. Hazırda ana övladına yalnız veb-kamera vasitəsilə baxa bilir.

Mövzunu Facebookda şərh et