Cənubi Koreya hakimiyyəti Kim Çen Inın harada olduğunu bilir

08:58 | 29 Aprel, 2020

Cənubi Koreyanın hakimiyyət orqanları KXDR lideri Kim Çen Inın harada olduğu barədə məlumata malikdir.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Koreya Respublikasının Birləşmə naziri Kim Yön Çhol parlamentin iclasında deyib. Bununla yanaşı, qurum rəhbəri başqa bir informasiya verməyib. Xarici İşlər naziri Kan Gön Hva isə öz növbəsində Kim Çen Inın olduğu yer barədə ABŞ-a məlumat təqdim edildiyini bildirib.

Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Kim Çen Inın səhhəti barədə məlumatlı olduğunu desə də, bu barədə təfərrüatları açıqlamaqdan yayınıb.

Qeyd edək ki, Kim Çen Inın uzun illər ərzində ilk dəfə olaraq babası Kim İr Senin doğum günü ilə əlaqədar təntənəli mərasimdə iştirak etməməsi KXDR liderinin xəstəliyi ilə bağlı şayiələrə səbəb olub. Şimali Koreyanın rəsmi şəxsləri və yerli KİV-lər hələ də şübhələri cavablandırmır.

Mövzunu Facebookda şərh et