Rəsmi maaşlar nə üçün az qeyd olunur? -AÇIQLAMA

03:14 | 30 Aprel, 2020

“Əslində Azərbaycan vətəndaşı Sosial Müdafiə Fonduna ödədiyi vəsaitin gələcəkdə özünə qayıdacağı mexanizmini bilmir. Rəsmi müqavilə ilə çalışmaq əslində onun xeyrinədir. 20-25 illik iş təcrübəsi olandan sonra təqaüdə çıxanda daha böyük məbləğdə təqaüd alacaq. Vətəndaş bu mexanizmi axıra qədər görə bilmir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli sahibkarlar və özəl şirkətlər tərəfindən rəsmi maaşın, aylıq əməkhaqqının az qeyd edilməsi məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənişlərlə bağlıdır, çünki, şirkət rəhbərlərinin Dövlət Sosial Müdafiə Fonduna müəyyən ödənişləri var:

Bu ödənişlər edilməsin deyə sahibkarlar rəsmi maaşları aşağı göstərməli oldular…

“Dövlət 14 faizlik gəlir vergisini ləğv etdi və düşündü ki, bu bir təşviq olacaq. Əslində, bu, doğru bir addım idi. Lakin, Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin həcminin artması həm işçinin, həm də işəgötürənin müəyyən razılaşmalara gəlmək şərti ilə rəsmi maaşın daha az göstərilməsi ilə nəticələndi. İşçilər 6 manat üstəgəl 200 manatdan yuxarı maaşın 10 faizini, işəgötürənlər isə 44 manat sabit olmaqla, üstəgəl 200 manatdan yuxarı ödənişlərin 15 faizini Dövlət Sosial Müdafiə Fonduna köçürtməli idi. Məsələn, əgər rəsmi maaş 500 manat kimi qeyd olunsa işçi 36 manat ödəməli idi, işəgötürən isə 74 manat ödəməli idi. Bu ödənişlər edilməsin deyə sahibkarlar rəsmi maaşları aşağı göstərməli oldular”.

Dövlət əməkhaqqının bir qismini ödəmək istəyir, lakin, rəsmi əməkhaqqı çox azdır…

Ekspertin fikrincə bu indiki dövrdə kifayət qədər ciddi problemlərə səbəb oldu və karantinlə əlaqədar qapadılan sahələrdə çalışan işçilərə hökumət kömək etmək istəyir, lakin, rəsmi müqavilələrə baxdıqda maaşların çox aşağı olduğunu müşahidə edir:

“Bu problem indi daha çox üzə çıxdı. Bunun üçün təbii ki, növbəti təşviq proqramlarına ehtiyac var. Elə bir sistem və oyun qaydaları yaradılmalıdır ki, bu həm işçinin, həm işəgötürənin, həm də dövlətin maraqlarına cavab versin. Bu istiqamətdə Sosial Müdafiə Fondunun ödənişlərinin həcmi azaldıla bilər. Ən azından bir-neçə il bunu tətbiq etməklə rəsmiləşmələri artırmaq olar. Daha sonra addım-addım Sosial Müdafiə Fonduna ödənişlərin artırılması ilə bağlı qərar verilə bilər. Bu işin birinci istiqamətidir. İkinci istiqamət isə ondan ibarətdir ki, qonşu ölkələrdə tətbiq edildiyi kimi Sosial Müdafiə Fondunun iş prinsipinə əsaslanan özəl təqaüd fondlarının çalışmasına şərait yaratmaq lazımdır. Bu rəqabətli mühit yaradacaq”.

Əslində, rəsmi müqavilə əsasında çalışmaq gələcəkdə insanların xeyrinə çevrilir…

Natiq Cəfərli əlavə edib ki, əslində Azərbaycan vətəndaşı Sosial Müdafiə Fonduna ödədiyi vəsaitin gələcəkdə özünə qayıdacağı mexanizmini bilmir:

“Rəsmi müqavilə ilə çalışmaq əslində onun xeyrinədir. 20-25 illik iş təcrübəsi olandan sonra təqaüdə çıxanda daha böyük məbləğdə təqaüd alacaq. Vətəndaş bu mexanizmi axıra qədər görə bilmir. İnanmır bu mexanizmə, çünki, 20 ildən sonra nə olacaq onu bilmir. Ona görə də Sosial Müdafiə Fonduna edilən ödənişlərə vergi yükü kimi baxır. Əslində bu vergi yükü deyil, həmin vətəndaşın xeyrinədir”.

Özəl təqaüd fondlarının yaradılması bizə nə verə bilər?

“Özəl təqaüd fondlarının yaranmasına ehtiyac var. Bu zaman rəqabətli mühit yaranacaq. Məsələn, Türkiyədə bir neçə özəl təqaüd fondu çalışır və onlar vətəndaşlara şirkətlə müqavilə bağladıqları təqdirdə 6 aydan bir Avropa ölkələrindən birinə bilet hədiyyə edəcəklərini və ya bir ildən bir yay tətili üçün hər hansı bir bölgəyə səfər üçün dəstək göstərəcəklərini təklif edirlər. Vətəndaş da bilir ki, həm bura yığılan vəsait sonradan aylara bölünərək təqaüd kimi özlərinə geri qayıdacaq, həm də 20-30 illik müqavilələr ərzində müxtəlif bonuslar qazanacaq. Belə olan təqdirdə işəgötürənlərə də, işçilərə də sərf edən modellər ortaya çıxacaq. Bir neçə fondun biri-biri ilə rəqabət aparması yeni modellərin, təşviq proqramlarının ortaya çıxmasına səbəb olacaq. Təbii ki, dövlətin burada ciddi nəzarət funksiyası da olmalıdır. Lakin, bununla bərabər dövlət yükün bir hissəsini də özəl sektorun üzərinə keçirsə daha yaxşı olar. Bu istiqamətdə dövlətin də yükü azalar”.

Mövzunu Facebookda şərh et