Hikmət Babaoğlu: "Türkiyə-Azərbaycan müttəfiqliyi xalqlarımızın diktə etdiyi münasibətlərdir"

04:11 | 23 Avqust, 2017

“Beynəlxalq münasibətlərdə çox mürəkkəb siyasi proseslər baş verir. Bu mərhələnin əsas səciyyəvi xüsusiyyətlərindən biri yeni güc və tarazlıq mərkəzlərinin formalaşmasıdır”. Bu sözləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, həmin proseslərdə hər bir dövlət öz maraqlarını qorumaq üçün qərarlar qəbul edir: “Bəzən qarşı tərəfə müəyyən ismarıclar vermək, siyasi nəbzi yoxlamaq məqsədilə müxtəlif fikirlər səsləndirirlər. Türkiyə tərəfindən səsləndirilən fikrin Ermənistan tərəfindən tələsik olaraq səhv istiqamətdə yozulması bu addıma sübutdur və hətta Türkiyənin Avrasiya İttifaqına qoşulması məsələsi gündəmə gələcəksə onda bu ittifaqın üzvlərindən biri kimi Ermənistanın bu məsələdə müəyyən şərtlər irəli sürəcəyi qeyd olunur. Bu kimi fikirlər Ermənistan xarici siyasətinin acizliyindən irəli gəlir. Çünki Ermənistan terrorçu dövlət olduğu üçün, onun xarici siyasəti də terror diplomatiyasına və yaxud siyasi terrora söykənən xarici siyasətdir. Gələcəkdə hansı ölkənin necə addımlar atmağının proqnozlaşdırılması mümkün deyil. Ermənistan mediasının bu cür siyasi spekluyasiyalar etməsi onun Azərbaycan torpaqlarını işğal altında saxlaması, həmçinin ərazi iddiası ilə çıxış etdiyi Türkiyəni şantaj etmək cəhdləridir. Bunun özünə diplomatik terror deyilir.
Biz bilirik ki, bənzər proseslər 2009–cu illərdə də yaşanıbdır. O dövrdə də müxtəlif beynəlxalq təşkilatların himayəsi altında olan Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsini ortaya atmışdı. Ermənistanın bu niyyəti Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri soyutmaq cəhdləri idi. Lakin bu cəhdlər iflasa uğradı. Çünki Türkiyə-Azərbaycan münasibətləri hər iki ölkənin xalqlarının diktə etdiyi münasibətlərdir. Türkiyə -Azərbaycan strateji müttəfiqliyi, hər iki ölkənin və yaxud “bir millət iki dövlət”in siyasi iradəsinin nəticəsindən irəli çıxan münasibətlərdir. Bu gerçəklik heç bir zaman dəyişməyəcək, belə də qalacaq. Ona görə də Ermənistan mediasında da, xarici siyasət idarəsində də məsələlərin tələsik belə şərh edilməsi bir daha Ermənistanın qeyri-ciddi dövlət olduğundan xəbər verir. Şübhəsiz ki, gələcəkdə də hansısa ittifaqdan söhbət gedəcəksə, Türkiyə qərar qəbul edərkən “bir millət iki dövlət”in milli maraqlarını nəzərə alaraq qərar qəbul edəcək və əgər bu cür hallar mümkün olacaqsa siyasi prespektivdə hansısa ölkənin Avrasiya İttifaqına qoşulması ilə bağlı heç kəs Ermənistanın fikrini soruşmayacaq. Çünki bu ittifaqı yaradanlar, onun şərtlərini diktə edənlər var və onlar üçün Ermənistan sadəcə, “for-post”dan başqa bir şey deyildir”.
//SİA