backend

Putin Əliyevdən sonra Sarkisyanla görüşür – Qarabağ danışıqlarında tərpəniş var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Soçidə Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlıq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya prezidenti V.Putin 2 ay əvvəl, iyulun 21-də eyni məkanda Azərbaycan prezidenti İlham Əliyevlə görüşərək danışıqlar aparmışdı. O zaman prezidentlərin görüşündə danışıqların əsas müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olduğu bildirilmişdi.
Rusiya prezidentinin qısa müddətdə, yəni cəmi 2 ay ərzində ardıcıl olaraq Azərbaycan və Ermənistanın dövlət başçısları ilə görüşərək Qarabağ problemini müzakirə etməsi onun həllini sürətləndirə və hadisələrin gedişatında müsbət dəyişikliyə gətirə bilərmi?

Bununla bağlı vəziyyəti Milli.Az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib ki, bu dəyişikliyin olması mümkündür, amma onun reallaşacağını demək çətindir:

“Hər bir halda indiki mərhələdə yalnız Rusiya danışıqlara təkan verib erməniləri ağıllandırmaq üçün səylər göstərmək iqtidarındadır. Lakin Rusiya bunu edəcəkmi? Edəcəksə, nəyin müqabilində edəcək? Bu sualların cavabı hələlik açıq olaraq qalır.

Ancaq imkan var və ən azından bu məsələlər müzakirə olunduqda demək mümkün olacaq ki, payızda Nyu-Yorkda xarici işlər nazirlərinin, daha sonra sülh danışıqlarını dalandan çıxarmaq üçün prezidentlərin görüşündən nəsə gözləməyə dəyər, ya yox”.

“Rusiya indiki mərhələdə problemin həllini istəyirmi?” sualına isə millət vəkili belə cavab verib: “Təəssüf ki, bu vaxta kimi bütün bu səylər nəticə verməyib. Əgər bu baxımdan yanaşsaq, yenə də müsbət nəticə üçün şans çox azdır. Ancaq hər bir halda real şans Rusiyanın əlindədir. Bir var ki, onlar nəsə etməyə hazırlaşırlar, Azərbaycan və Ermənistan prezidentləri ilə müzakirələr apararaq hansısa addımlar atıla bilər, bir də var ki, ortalıqda ümumiyyətlə heç nə yoxdur, danışıqlar getmir və yalnız müharibəyə hazırlaşmaq lazımdır…”