backend

Müəllim olmaq istəyən namizəd: “Deyəcəm ki, səni leylək gətirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqust ayının 21-dən etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibə mərhələsində diqqət çəkən məqamlardan biri dini qaydalara uyğun geyinən namizədlərin sayının çox olmasıdır.
Komissiya üzvü Zöhrab Kəlbəliyev dini qaydanın tələbilə geyinmiş namizədin məktəb qayda-qanunlarına nə dərəcədə uyğun olduğu sualına cavab olaraq bildirib ki, müsahibə zamanı yalnız namizədlərin proqrama nə dərəcədə uyğun olduğunu müəyyənləşdirilir: “Məktəb proqramından kənara çıxan suallar verilmir. Müəllim pedaqoji fəaliyyətə nə dərəcədə hazırdır, dərsi necə quracaq, metodları necə müəyyənləşdirməyi düşünür, ayrı-ayrı sahələr üzrə ümumi fikri necədir, özünə inamlıdırmı kimi məsələlərə aydınlıq gətiririk. Əlbəttə, müəllim geyimi ilə nümunə olmalıdır. Ancaq bu məsələ məktəb mühitində həllini tapmalıdır. Təbii ki, yaxşı olardı ki, müsahibəyə də müəllimdən tələb olunan geyimdə gəlsinlər. Ancaq sərbəst geyimə də irad tutmuruq. Çünki müsahibənin proqramına müəllimin geyimi ilə əlaqədar tələblər salınmayıb. Müsahibədən keçməməsinin səbəbi məhz cavabları olacaq, geyimi yox”.
Komissiya üzvü Rasim Məmmədov da hesab edir ki, dini geyimə icazə verilib-verilməməsi məktəbdə həll olunur: “Biz geyimdən çox dünyagörüşünə önəm veririk. Dini qaydada geyinən namizədlərlə bağlı qərar verərkən özünün dini etiqadının müəllimliyinə nə qədər təsir edəcəyini müəyyənləşdirməyə çalışırıq. Məsələn, birindən soruşduq ki, “Şagirdiniz insanın necə yarandığını soruşsa, nə cavab verəcəksiniz?”. Cavabı hamımızı təəccübləndirdi: “Deyərəm, leylək gətirib”. Başqa biri isə “Gedin valideyninizdən soruşun, deyərəm”, – cavabını verdi”.
Qeyd edək ki, bu həftə müsahibə mərhələsi də yekunlaşır. Müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək. Komissiya üzvü Firudun Həmzəyevin fikrincə, “kim necə müəllim olacaq?” sualının cavabı da məhz onda üzə çıxacaq: “Namizədlərin müəllimlik üçün bütün tələblərə cavab verib-vermədikləri məhz məktəblərdə bəlli olacaq. 5-10 dəqiqə söhbətlə bunu indi müəyyən etmək olmaz. Onu sinifdə yoxlamaq lazımdır ki, görək uşaqları ələ ala bilirmi, öyrədə bilirmi, öyrətmək üçün özü müvafiq bazaya malikdirmi? Ən yüksək savad və dünyagörüşə sahib elə namizədlər olur ki, sinifdə uşaqları ələ ala bilmir, heç nə öyrətmir. Bir sözlə, bu seçimlərin nəticəsi necə olacaq, məktəblərdə bəlli olacaq”.
///lent.az