Mədəniyyət naziri postuna daha bir real namizəd: Murad Hüseynovun şansları yüksək qiymətləndirilir

18:07 | 23 May, 2020

Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifədən azad olunmasından sonra ən çox müzakirə olunan mövzulardan biri də yeni nazirin kim olacağı ilə bağlıdır. Sosial şəbəkələr və mətbuatda gedən müzakirələrdə Mədəniyyət naziri postuna bir sıra iddialı şəxslərin adları çəkilir. Onların arasında sənət adamlarından millət vəkillərinə qədər bir sıra şəxslərin adlarına rast gəlmək mümkündür.

Bu xüsusda Editor.az-ın redaksiyasına olduqca maraqlı məlumatlar daxil olub. Məlumatlı mənbə iddia edir ki, Əbülfəs Qarayevin yerinə ən real namizədlərdən biri də Azərbaycan Respublikasının xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru tanınmış pianoçu Murad Hüseynovdur. Mənbəmiz 2011-ci ildən Beynəlxalq Muğam Mərkəzinə rəhbərlik edən Murad Hüseynovun mədəni çevrələrdə böyük nüfuza malik olduğunu, bir sıra beynəlxalq səviyyəli tədbirlərin təşkilində uğurla iştirak etdiyini bildirir.

İddia olunur ki, məhz bu keyfiyyətlərinə görə, ölkədə aparılan islahatlar fonunda nazir postuna namizədliyi ən çox müzakirə olunan və real görünən şəxslərdən biri də Murad Hüseynovdur. Onun namizədliyi ilə bağlı ölkəmizin bir sıra nüfuzlu ziyalı və mədəniyyət xadimlərinin təkliflə çıxış etdiyi və bunun yuxarı dairələrdə isti qarşılandığı da gələn xəbərlər arasındadır.

Editor.az adı Mədəniyyət naziri postuna real iddialılardan biri hallanan Murad Hüseynovla bağlı kiçik bir araşdırma aparıb. Bəlli olub ki, 46 yaşlı Xalq artistinin olduqca zəngin tərcümeyi-halı var.

Murad Hüseynov 1 dekabr 1973-cü ildə Bakıda anadan olub. O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991–1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib və 1996–1999-cu illərdə bu Bakı Musiqi Akademiyası aspirantı (professor F.Bədəlbəylinin sinfi) olub. M.Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000–2002-ci illərdə A.Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.

Murad Hüseynov beynəlxalq piano müsabiqələri laureatı (Fransa, 1998) və mükafatçısıdır (Tbilisi, Gürcüstan, 1997). O, Limojda keçirilən 3-cü Fransis Pulenk beynəlxalq piano müsabiqəsinin qalibidir (Fransa, 2002). O həmçinin fransız bəstəkarlarının əsərlərini ən yaxşı ifa etdiyinə görə 3 xüsusi mükafat da qazanıb.

Pianoçu dünyanın müxtəlif ölkələrində (Fransa, İngiltərə, ABŞ, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Almaniya, Macarıstan, Gürcüstan, Malta, Əfqanıstan və s.) Azərbaycanın ifaçılıq mədəniyyətini təmsil edir. O, bir çox klassik musiqi festivallarında iştirak edib.

Musiqiçi bir sıra məşhur orkestr və ansambllar — London Kral Filarmonik Orkestri, Limoj Simfonik Orkestri (Fransa), Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, (Azərbaycan), Yeni Rus Kvarteti (Rusiya) və s. ilə konsertlərdə çıxış etmişdir. Onun çıxış etdiyi konsert zalları sırasına P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasındakı Raxmaninov zalı, Dövlət Kreml Sarayı (Moskva), Pleyel, Korto zalları, Fransa Senatı əsas zalı, Beynəlxalq Diplomatik Akademiya (Paris), Auditoriya (Roma), Dunay Sarayı (Budapeşt), Camal Rəşid Rey (İstanbul) və s. daxildir.

Murad Hüseynov Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğul olub. O, 2011-ci ilin noyabr ayında Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edilib.

Azərbaycan Respublikasının xalq artistidir. Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

Eyni zamanda Fransada Fransa Senatının medalı və İncəsənət və Ədəbiyyat ordeni ilə təltif olunub.

Bundan başqa Macarıstanın “Ləyaqət” ordeninin cəngavərlik xaçı laureatıdır.

//Editor.az

Mövzunu Facebookda şərh et