Qani silahlı strukturlara atəşkəsə riayət etməyi tapşırıb

15:59 | 24 May, 2020

Əfqanıstan prezidenti Əşrəf Qani radikal Taliban hərəkatı tərəfindən Ramazan bayramı ilə əlaqədar elan olunan üç günlük atəşkəs rejimini alqışlayib. Ə.Qani ölkənin silalı strukturlarına atəşkəsə riayət etməyi tapşırıb.

Editor.az Trend-ə istinadən bildirir ki, Əfqanıstan prezidenti bu barədə “Twitter” səhifəsində yazıb.

“Mən Talibanın atəşkəs elan etməsini alqışlayıram. Baş komandan olaraq Əfqanıstan Silahlı Qüvvələrinə üç günlük atəşkəsə riayət etməyi və yalnız hücum olarkən özlərini müdafiə etmələrini əmr etdim”, – Ə.Qani yazıb.

Daha əvvəl “Tolo News” telekanalı Taliban tərəfindən verilən açıqlamaya əsasən hərəkat nümayəndələrinin üç günlük atəşkəs elan etdiyini bildirib. Onun sözlərinə görə, açıqlamada hərəkat döyüşçülərinin üç gün ərzində hücumlar etməyəcəyi və ancaq mövqelərinə hücum olarsa müqavimət göstərməyə hazır olduqları göstərilir.

Xatırladaq ki, fevralın 29-da ABŞ və Taliban arasında razılıq imzalanıb və ona əsasən hərəkatın 5 min həbsdə saxlanılan üzvünün, hərəkat tərəfindən isə min nəfərə yaxın saxlanılan koalisiya üzvlərinin buraxılması nəzərdə tutulub.

Mayın 12-də Əfqanıstan Prezidenti Əşrəf Qani ölkənin hüquq-mühafizə orqanlarına ölkə ərazisində fəaliyyət göstərən terror qruplaşmalarının silahlılarına qarşı aktiv müdafiədən hücum əməliyyatlarına keçməyi əmr edib.

Mövzunu Facebookda şərh et