Hikmət Babaoğlu: Yeni texnologiyaların istənilən sahəyə tətbiqi həmin sahənin inkişafı, istismarı və idarəsini optimallaşdırır

06:14 | 25 May, 2020

Yeni texnologiyaların istənilən sahəyə tətbiqi həmin sahənin inkişafı, istismarı və idarəsini optimallaşdırır.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, əgər biz yaxın keçmişə qədər elektron hökumətdən danışır, onu idarəetmədə yenilik hesab edirdiksə, artıq smart hökumətdən danışırıq:

“Yəni bütün sahələrdə innovativ texnologiya, nanotexnologiyaların tətbiq edildiyi ağıllı hökumət layihələrindən söhbət gedir. Görünür postpandemiya erasının bir yeniliyi də, mövcud resursların daha səmərəli və qənaətlə istifadə edilməsi mərhələsinin başlanğıcı olacaq. Elə may ayının 22-də “Signify” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da bu məsələlər ətrafında geniş müzakirələr aparıldı. Aydın oldu ki, təkcə şəhər işıqlandırılmasında yeni texnologiyaların tətbiqi bu sahədə enerji istehlakını yarıbayarı azalda bilər. Bundan başqa, yeni texnologiyaların tətbiqi kənd təsərrüfatı sektorunda suvarma suyu israfının qarşısını almaqla su resurslarından istifadədə əhəmiyyətli dərəcədə qənaət yarada bilər. Ona görə də videokonfransda dövlət başçımız xüsusilə vurğuladı ki, bu texnologiyanın tətbiqi çoxlu enerji və yerin təkindən hasil edilən yanacağa qənaət etməyə imkan yaradacaq, bu isə əlavə ixrac imkanları formalaşdıracaq”.

Deputat qeyd edib ki, təkcə Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək:

“Burada qənaət göstəricisi minimum 50 faiz təşkil edəcək. Bundan başqa, kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması və s. kimi sahələrdə də yeni texnologiyaların tətbiqi mühüm üstünlüklər vəd edir. Bütün bunlar həmin sahələri daha da perespektivli etməklə onların inkişafına gətirib çıxarır. Hələlik Bakı şəhərində “Ağıllı şəhər” layihəsi çərçivəsində paytaxtımızın nisbətən az işıqlandırılan ərazilərində işlər aparılır və sentyabra qədər bu işlər tamamlanacaq. Göründüyü kimi, bu işlər paytaxtımızın enerji təsrrüfatını və təminatını yaxşılaşdırmaqla, həm də onun idarə edilməsini optimallaşdıracaq”.

//Trend

Mövzunu Facebookda şərh et