“Məmurun hər hansı məsələdə ciddi nöqsanı varsa, o özü istefa verməsə…”

22:20 | 25 May, 2020

Millət vəkili Ramil Həsənin  müsahibəsi

– Ramil müəllim, məlum olduğu kimi, hazırda bütün dünya, eləcə də Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə aparır. Ölkəmizdə bu mübarizə tədbirləri çərçivəsində atılan addımları necə qiymətləndirirsiniz?

– Azərbaycanda koronavirusla mübarizə çərçivəsində görülən tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı və bir çox beynəlxalq qurumlar çox yüksək səviyyədə qiymətləndiriblər. Hətta COVID-19-a qarşı Azərbaycanın mübarizə modelini dünyanın bir çox ölkələrində model olaraq qəbul olunması üçün öz müsbət fikirlərini ifadə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin başçılığı altında koronavirusa qarşı mübarizə çərçivəsində görülən işləri düşünülmüş, konkret hədəflərə söykənən, əhalinin biləvasitə sağlamlığının keşiyində durmaq məqsədilə atılan addımların bariz nümunəsi kimi qəbul edə bilərik. Bildiyiniz kimi, son məlumatlara görə dünyada 5 milyondan çox koronavirus xəstəsi var. Virusun yayılma trayektoriyasına nəzər salsaq, əsas pik nöqtəyə çıxma prosesi fevral ayının sonunda başlayıb, mart və aprel aylarına təsadüf edirdi. Dövlət başçısının həyata keçirdiyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın atmış olduğu addımlar sayəsində ölkəmiz minimal itkilərlə həmin dövrü geridə qoyub. Bu nəticələr əlbəttə ki, bizim uğurumuzdur. Çünki Prezident əhalinin sağlamlığını iqtisadi sabitlikdən daha əsas tutaraq çox önəmli addımlar atdı. Nəticədə çox sayda ölümün qarşısı alındı. Təbii ki, bütün bunlar müsbət qiymətləndirilməlidir.

– Koronavirusla mübarizə tədbirləri çərçivəsində işsiz şəxslərə birdəfəlik ödənişlər edildi, eyni zamanda müxtəlif yardımlar həyata keçirildi. Sizcə, bu, əhalinin mövcud vəziyyətdə sosial durumuna necə təsir etdi?

– Azərbaycan Prezidentinin bilavasitə tapşırığı ilə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və müvafiq qurumların rəhbərlərindən ibarət təşkilat komitəsi yaradıldı və əhalinin sosial cəhətdən təminata ehtiyacı olan təbəqəsinə maddi yardımların, həmçinin humanitar yardım paketlərinin çatdırılması üçün konkret bir sxem təşkil olundu. Məlum olduğu kimi, işsizlərə veriləcək 190 manatlıq birdəfəlik ödəmənin əvvəlcə 200 min nəfəri əhatə etməsi nəzərdə tutulsa da, sonradan cənab Prezidentin tapşırığı ilə bu rəqəm 600 minə qaldırıldı. Birdəfəlik ödənişi alan şəxslərin hər birinin ailəsində təxminən 3 nəfərin olduğunu nəzərə alsaq, bu yardımlardan 1 milyon 800 min–2 milyon nəfərin yararlandığını deyə bilərik. Toplam olaraq isə 4 milyon 800 min civarında şəxs sosial və iqtisadi yardım paketinin vermiş olduğu imkanlardan yararlandı. Bu şəxslər dövlət qurumlarında işləyib, 2 ay evdə oturmuş olsa da, maaşlarını alan işçilər, aprel və may aylarında koronavirusla mübarizə tədbirləri çərçivəsində yardım alan vətəndaşlar, həmçinin iş yerlərini bağlamayıb işçilərini saxlasa da, işləməyən kiçik və orta sahibkarlıq müəssisələrinin əməkdaşlarından ibarətdir. Bunların hər biri Azərbaycan üçün ciddi mənada iqtisadi bir xərc deməkdir. Ölkə rəhbəri çox böyük humanistlik göstərib, bütün imkanları səfərbər edərək vətəndaşlarımızın qısa müddətdə bu vəziyyətdən çıxmasını və minimal tələbatlarının təmin olunmasını həyata keçirən xüsusi qərarlar verib və bu qərarlar insanlar tərəfindən yüksək qiymətləndirilir. Həmçinin, bildiyiniz kimi, cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın sağlamlıqlarının qorunması, eyni zamanda onların hər şəkildə təmin olunması ilə bağlı çağırışları və müraciətləri vardır ki, bu da öz təsirini göstərib. Bu müddətdə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fonda 100 milyondan çox vəsait köçürülüb. Cənab Prezidentin də vurğuladığı kimi, dövlətin imkanları yetərincə olduğu üçün o vəsaitdən hələ istifadə olunmayıb. Bu vəsait yəqin ki, gələcəkdə dövlətin özünün məqsədəuyğun hesab etdiyi istiqamətdə xalqımız üçün xərclənəcək. Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi vasitəsilə də 100 minlərlə ailəyə yardım bağlamaları təqdim olunub. Mən şəxsən Ucar rayonunda 1200-dən çox ailəyə bu yardımların verilməsinin şahidi olmuşam.

– Bu çətin dövrdə xalqımız həmrəy olmağı bacardı…

– Sevindirici haldır ki, könüllü şəkildə yardımsevər insanlar da bu aksiyalara qoşulub dövlətə dəstək oldular və bununla “Biz birlikdə güclüyük” şüarı daha da gücləndi. Bütün bunlar Azərbaycan xalqının həmrəyliyinin ən unikal nümunəsidir. Çünki imkanlarından, sosial mənşəyindən, yaşından və cinsindən asılı olmayaraq, insanlarımız birlik və bərabərlik nümayiş etdirdilər. Təbii ki, bu birlik üçün liderlik xüsusiyyətlərinə malik rəhbər lazımdır. Çünki çağırışı edən və xalqı arxasınca aparan liderdir. Lider o vaxt güclü olur ki, o, müdrik xüsusiyyətlərə, xalq tərəfindən qəbul olunan xarizmaya, dünya birliyi tərəfindən, daxildəki vətəndaşlar tərəfindən qəbul olunan imkanlara sahibdir. Bütün bu sadaladığım xüsusiyyətlər cənab Prezident İlham Əliyevdə olduğu üçün qısa müddətdə vətəndaşlarımızın birlik nümayiş etdirməsi və pandemiyanın birinci mərhələsində uğur qazanması mümkün oldu.

– Pandemiya dövründə xalqımız onun “cibinə girən” məmurların cəzalandırılmasının da şahidi oldu. Məmurlara rüşvət və korrupsiyadan uzaq durmaları barədə dövlət başçısı tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, təəssüf ki, bir çoxu yolundan dönmür. Nəyə görə onlar baş verənlərdən dərs çıxarmırlar?

– Cənab Prezident unikal təcrübəyə, xüsusi liderlik qabiliyyətinə malik bir rəhbərdir. Hesab edin ki, ölkə rəhbəri dövləti idarəetmə sükanında duran əsas aparıcı qüvvədir və sürətlə hərəkət edir. Bu sürətli hərəkət nə deməkdir? – Reform və islahatlar. Reform və islahatlarda rüşvətə, korrupsiyaya, cibə girməyə, xalqın sərvətini talamağa yer yoxdur. Təəssüf ki, köhnə təfəkkürə malik məmurlar cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlardan nəticə çıxarmadılar. “Eybi yox, biraz keçər, yola verərik” deyə düşünürlər. Bu, tipik keçmiş nomenklatura sisteminə sahib olan insanların təxəyyülünün məhsuludur. Ölkə rəhbəri isə modern, ölkəni gələcəyə aparan, rüşvətdən və korrupsiyadan uzaq, vətəndaşa xidmət edən məmur psixologiyasına sahib insanların vəzifədə olmasını arzu edən bir liderdir. O bunu sadəcə bəyan etmir, hər dəfə öz işi ilə, atdığı addımlarla, həyata keçirmiş olduğu islahatlarla, vermiş olduğu qərarlarla da təqdim edir. Ölkə başçısı tərəfindən başladılan islahatlar güclü bir dalğadır. Əgər günah sahibisənsə, acizsən. Yox, əgər günahın yoxdursa, dalğa sənə heç nə etməyəcək. Xalqın malını talayan məmurlar görün necə iyrənc əməllər törədirlər. İctimai iş yerlərinin rayonlarda 90 min əhalini əhatə etməsi nəzərdə tutulub. Həmin şəxslərin maaş kartları hansısa məmurlar tərəfindən mənimsənilir. Görün, nə qədər dəhşətli faktlardır ki, adamın evindən kartlar çıxır. Bu kartları 250 AZN-dən hesabladıqda görün, hansı məbləğ edir. Dövlət tərəfindən, Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən göndərilən yardım bağlamaları hansısa məmurun qohumunun evindən çıxır. Belə iyrənclik olmaz axı! Cənab Prezident parlamentin açılışında çox tarixi bir kəlam söylədi. Bildirdi ki, köhnə sistem bitdi, biz təzə sistemlə işləyiriksə, məmurlar da buna cavab verməlidir. Yaxın günlərdə Mədəniyyət nazirinin işdən azad olunması, orada baş verən korrupsiya halları, Dövlət Sərhəd Xidmətindəki proseslər, Sahil Mühafizə Xidmətinin rəisinin və əməkdaşlarının tutulması və başqa məsələlərin şahidi olduq. Əlbəttə, Azərbaycan hüquqi dövlətdir, kimsə burda başqa bir şey demir. Hüquq-mühafizə orqanları onsuzda öz sözünü deyir və deməyə də davam edəcək. Hər kəs layiq olduğu cəzanı alacaq. Dövlətin qanunları var. Amma fakt faktlığında qalır. Əgər ciddi şühbələr meydana gəlməsəydi, bu insanların həbsi də baş verməyəcəkdi. DTX-nın yaydığı görüntülərdə də bəzi şeyləri gördük. Dəftərlər yazırlar, siyahı tuturlar. Bu nə deməkdir? Elə bil, bazarda nəsə satırlar. Bu, korrupsiyanın ən iyrənc formasıdır. Vətəndaşın cibinə girməkdən başqa, dövlətin malını mənimsəməkdir. İnsani tərəfdən də baxsaq, vicdansızlıq və ədalətsizlikdir. Əminəm ki, cənab Prezidentin özünün də vurğuladığı kimi, bu islahatlar davam edəcək. Ölkə rəhbərinin verdiyi mesajlara baxdıqda hər dəfə yeni bir informasiyanın şahidi oluruq. Neftçalanın icra başçısının saxlanılması ilə bağlı videogörüntülərdən məlum olur ki, o, özünə məxsus şirkətdə işlətdiyi əməkdaşlarının maaşını vətəndaşlardan mənimsədiyi kartlarla ödəyib. Ölkəmizdə rüşvətə qarşı mübarizə və korrupsiyanın bilavasitə düşməni rolunda ölkə rəhbərinin şəxsən özünün iştirak etməsi reform və islahatlar prosesinin uğurla, dayanmadan, bütün müqavimətlərə baxmadan davam edəcəyinin ən gözəl mesajıdır. Hər kəs bundan dərs almalıdır.

– Mədəniyyət nazirinin müavininin həbs olunması cəmiyyətdə çox müzakirə olundu. Nazirin tabeliyində olanda şəxsin qanunsuz əməllərindən xəbərsiz olması bir çoxlarında şübhələr yaratdı. Bəziləri isə bu məqamda nazirdən heç olmasa, istefa mədəniyyəti gözlədi. Eyni fikirlər DSX barəsində də səsləndirildi. Sizin bu barədə fikirləriniz maraqlıdır…

– Azərbaycanda söz azadlığı olduğu üçün sosial şəbəkələrdə, mediada hər kəs öz fikrini sərbəst şəkildə ifadə edir. Heç kəsin fikrini ifadə etməsinə əngəl yoxdur. Əlbəttə ki, burada məsələyə müxtəlif prizmadan yanaşmaq mümkündür. Dünya ölkələrinə baxdıqda, məsələn Türkiyənin özündə hər hansı bir skandal yaşandığı zaman həmin skandalla bağlı məsələlərin sakitləşməsi üçün məmur könüllü şəkildə istefaya gedir, yaxud araşdırma bitənə qədər vəzifəsindən uzaqlaşdırılır. Əgər həqiqətən də onun bir günahı yoxdursa, yenidən vəzifəsinə bərpa olunur. Söhbət təyinatlı məmurlardan gedir. Avropada və dünyanın bir çox inkişaf etmiş ölkələrində də istefa mədəniyyəti mövcuddur. Azərbaycanda hökumət nümayəndəsinin və ya yerli icra strukturu rəhbərinin istefa edib-etməməsi məsələsini mənim şərh etməyim doğru olmaz. Çünki o insanın hansı düşüncəyə sahib olduğunu bilmirəm. Bu sualın ən ideal cavabını onlar özləri verə bilər ki, istefaya getməlidirlər, yoxsa yox. Çünki o, cavabdeh olduğu qurumda baş verən korrupsiya hallarında nə dərəcədə rolu olub-olmadığını özü yaxşı bilər. Belə bir fikir var ki, elin gözü tərəzidir. Xalqın hər bir fikri bizim tərəfimizdən dəyərləndirilməlidir. Amma hüquqi dövlətdə deyilənlər yox, faktlar əsas rol oynayır. Hər halda bir məmurun hər hansı məsələdə ciddi nöqsanı varsa, o özü istefa verməsə də, cənab Prezident onu vəzifəsindən azad edir. Ölkə rəhbərinin bu konstitsion hüququnu heç kəs müzakirə edə bilməz. Sadəcə vəzifəyə təyin olunan şəxs bilməlidir ki, bu vəzifə ona ömürlük verilməyib. Bu vəzifə ona görə verilir ki, hüquq və qanunlar çərçivəsində istiqamət verilmiş sahədə dövlətinə, vətəninə, millətinə və ölkə rəhbərinə xidmət etsin. Əgər xidmətində boşluq varsa, hüquq mühafizə orqanları və siyası rəhbərlik tərəfindən cəzasını alacaq. Bu, qanundur. İnkişaf etmiş ölkələrin hamısında belədir.

– Bir çox sahələrdə olduğu kimi, qanunverici orqan – parlamentdə də islahatlar aparıldı, gəncləşmə siyasəti həyata keçirildi. Sizcə, bunlar parlametin təkmilləşməsinə necə təsir göstərəcək?

– Başda parlamentin spikeri hörmətli Sahibə xanım Qafarova olmaqla, çox demokratik, millət vəkillərinin fikirlərinə hörmətlə yanaşan, hər bir millət vəkilinin fikrini deməsinə yetərincə şərait yaradan parlament rəhbərliyimiz formalaşıb. Bu özü cənab Prezidentin də vurğladığı kimi, islahatlar və reform prosesinin artıq qanunvericilik orqanlarına da çox güclü şəkildə öz təsirini göstərdiyini deməyə əsas verir. Əbəs yerə deyil ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsü ortaya qoyan Yeni Azərbaycan Partiyasının çoxluğu idi və bu partiyanın sədri Prezident İlham Əliyevdir. Bu gün mən də daxil olmaqla, 41 yeni millət vəkilinin Azərbaycan parlametində təmsil olunması Prezidentin başlatdığı islahatların davamıdır. Qanunverici, icraedici və məhkəmə – bu 3 orqandan hər hansı biri islahatlardan kənarda qalsa, təbii ki, geriləmə olacaq. Bu gün bu islahatların sürətlə getməsi üçün qanunvericilik orqanlarında da yeniləməyə ehtiyac var idi. Yeni qanunların sürətlə işlənib hazırlanması, doğru, düzgün, sadə dildə vətəndaşlara izah edilib maarifləndirilməsi, vətəndaşların haqq səsinin, problemlərinin, düşüncələrinin, ideyalarının, qarşılaşmış olduqları əngəllərin müvafiq orqanlara millət vəkilləri tərəfindən çatdırılması və konkret faktlarla kömək edilməsi Azərbaycan parlamentinin qarşısında duran mühüm vəzifələrin bir hissəsidir. Eyni zamanda dövlətimizi beynəlxalq münasibətlər sistemində layiqincə təmsil etmək, parlament diplomatiyasının hücum taktikasından istifadə edərək Azərbaycan Prezidentinin xarici siyasətdəki hücum taksikasına ahəng olaraq dəstək vermək, ölkəmizin ən yaralı yeri olan Qarabağ problemi ilə bağlı Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq, bu sahədə parlamentarilərin gücünü ortaya qoymaq da bu sırada yer alır.

– Bildiyiniz kimi, bir neçə gün öncə separatçı rejimin qondarma seçkisindən sonra Şuşada “andiçmə” mərasimi keçirildi. Təbii ki, bu da xalqımızın qəzəbinə səbəb oldu. İnsanlar bu addımdan sonra sülh danışıqlarına yer olmadığını, ordumuzun artıq hücuma keçməli olduğunu bildirirdilər. Sizcə, belə vəziyyətdə Azərbaycan hansı addımı atmalıdır?

– Bəli, belə hallarda müxtəlif fikirlər səsləndirilir. Biri deyir, Şuşanı vuraq, biri deyir, yox, vurmayaq. Biri deyir, Qarabağla bağlı danışıqlar davam etməlidir, digəri bunu istəmir. Bu da vətəndaşların azad fikridir, heç kəs müdaxilə edə bilməz. Çünki Azərbaycan siyasi plüralizm, fərqli fikir və düşüncələrə sahib bir sistem üzərində qurulub. Cənab Prezident də bunun ən böyük təminatçısıdır. Amma dövlətin siyasəti beynəlxalq hüquq normaları üzərində qurulub. Biz bundan kənara çıxa bilmərik. Çünki bu gün Ermənistanı və onun havadarlarını beynəlxalq hüquq normalarını kobudcasına pozduğuna görə günahlandırıb, onları küncə sıxışdırmaq üçün konkret diplomatik hücum taktikasından istifadə edirik. Bu diplomatik hücum taksikasından istifadə edilən bir ərəfədə Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarını pozması əsla düşünülməməlidir. Dövlətimizin rəhbərliyində bilavasitə praqmatik düşüncəyə sahib olan, beynəlxalq hüquq normalarını professional şəkildə bilən, xalqının hər vətəndaşının sağlamlığını maksimal şəkildə qorumağa hazır olan bir lider var. Qarabağ bizim qanayan yaramızdır və bunu heç kəs inkar etmir. Amma biz torpaqlarımızı azad etmək üçün elə addımlar atmalıyıq ki, dövlətimiz bundan zərər çəkməsin. Şovinist bəyanatlar bizim xarici siyasət sahəsində atdığımız addımlara hər hansı müsbət təsir göstərmir. Çünki burada məqsədimiz torpağımızı azad etmək, beynəlxalq münasibətlər sistemi çərçivəsində Azərbaycan torpaqlarının ərazi bütövlüyünün mövcudiyyətini təmin etmək, vətəndaşlarımızın yenidən geri qayıtmasına şərait yaratmaqdır. Hörmətli həmkarım Tural Gəncəliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının həyata keçirdiyi işlərə dəstək verməliyik. Biz heç vaxt iddia etməmişik ki, Dağlıq Qarabağda yaşayan erməni icması oradan çıxıb getməlidir. Biz Azərbaycanın əzəli torpağı olan Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın, Xankəndinin və işğal olunmuş digər ərazilərin Azərbaycanın tərkibinə yenidən qaytarılması üzərində müzakirələr aparırıq. Cənab Prezidentin dəfələrlə bəyan etmiş olduğu kimi, danışıqlar prosesi tükəndiyi halda, Azərbaycan digər vasitələrdən istifadə imkanı hüququnu öz üzərində saxlayır. Burada Azərbaycanın müdafiə və hərb sistemindən istifadə etməsi nəzərdə tutulur. Bu da açıq-aydındır, xüsusi şərhə ehtiyac yoxdur. Danışıqlar prosesi tükənənə qədər biz bu proseslərdə iştirak etməli, tarixi torpaqlarımızın geri qayıtması və Azərbaycan icmasının öz dəbə-baba yurduna qayıdıb orada yaşayıb, o proseslərin içərisində aktiv iştirak etməsini təmin etməliyik. Düşünürəm ki, hər kəs Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının həyata keçirdiyi proseslərə diqqətlə nəzər salmalıdır, bu prosesləri qəribsəməməlidir. Bu icmanın gördüyü işlərin bir çox effekti var. Tural Gəncəliyevin parlamentdə məlumat verdiyi kimi, Qarabağda olan bir çox erməni hazırda Azərbaycan icması ilə birlikdə yaşamağa hazır olduqlarını bildirirlər. 10 il öncə isə bunu eşidə bilməzdik. Bizim məqsədimiz beynəlxalq hüquq normaları çərçivəsində hər vətəndaşın hüqunu təmin etdiyimiz kimi, orada yaşayan vətəndaşları da inandırmaqdır ki, Azərbaycan torpaqları hüdudlarında bütün hüquqları qorunacaq.

– Ramil müəllim, Azərbaycanın məhkəmə hüquq-sistemində aparılan islahatları necə qiymətləndirirsiniz?

– Az əvvəl də vurğuladığım kimi, islahatlar 3 istiqamətdə gedir: qanunverici, icraedici və məhkəmə orqanlarında. İcraedici orqanlarda və məhkəmə sistemində islahatlar daha öncə başlamışdı. Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi ilə bağlı müvafiq Fərmanı imzalanmışdı. Bir müddət öncə də parlamentdə Ali Məhkəmənin və Apelyasiya Məhkəməsinin yeni hakim heyətlərini təsdiq etdik. Bir çox hakimləri universitetdən şəxsən tanıdığım üçün də deyə bilərəm ki, onlar savadlı, bacarıqlı, beynəlxalq hüquq norma və prinsiplərini tam mənimsəmiş, vətəndaşların problemlərinin öyrənilməsi və bununla bağlı veriləcək qərarlar haqda yetərincə biliklərə sahib dəyərli hakimlərdir. Onların fəailiyyəti vətəndaşlarımızın hüquq-mühafizə sisteminə və məhkəmələrə inamını gücləndirəcək. Ölkə rəhbərinin əsas məqsədi ondan ibarətdir ki, vətəndaş məhkəməyə müraciət etdikdə, hüquqlarının qanun çərçivəsində qorunacağına əmin olsun. Ümumiyyətlə, məhkəmə sistemi, prokurorluq orqanları və polis orqanlarında islahatlar yüksələn xətlə davam etməkdədir. Bu orqanların birində islahat aparılmasa, digər ikisində gedən islahatın effektiv nəticəsini ala bilmərik. O da məlumdur ki, Prezident bütün bu proseslərə şəxsən nəzarət edir və lazımi tapşırıqlar verərək islahatların uğurla davam etməsini təmin edir. Biz də vətəndaş olaraq, ölkə başçısının apardığı bu islahatlara sahib çıxmalı və ona ictimai dəstək göstərməliyik. Ölkədə elə bir şərait yaradılıb ki, vətəndaş heç nədən qorxmadan, çəkinmədən öz problemlərini rahat şəkildə açıb ortaya qoya bilər. Lakin eyni zamanda insanlar onlara verilən bu hüquq və imtiyazlardan sui-istifadə etməməlidir.

– Media sahəsində görülən işlərdən də danışmağınızı xahiş edərdik. Məlum olduğu kimi, bu sahə də Prezidentin diqqətindən kənarda qalmayıb…

– Haqlısınız, “dördüncü hakimiyyət” olan media sahəsində də islahatlar gedir. Ölkə başçısı yüksək vəzifələrə insanları təyin edərkən onların qarşısına məqsəd qoyur: gedin, xalqa xidmət edin! Amma təəssüf ki, bu məmurların çoxu xalqa yox, öz cibinə və şəxsi maraqlarına xidmət etdiyi üçün ya vəzifədən kənarlaşdırılır, ya da barələrində hüquq-mühafizə orqanları tərəfindən həbs qətimkan tədbiri görülür və işləri baxılması üçün məhkəməyə göndərilir. Mediada da öz imkanlarını genişləndirib rəqibini “vurmaq” üçün istifadə edən məmur strukturu formalaşıb. Cənab Prezident buna qarşı amansız şəkildə mübarizə aparır. Buna görə də bir çox media qurumundan tutmuş, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Milli Televiziya və Radio Şurasında yeniliklər oldu. Bundan sonra artıq hər kəs başa düşməlidir ki, media kiminsə kimisə təhqir etməsi, ona zərbə vurması üçün bir vasitə deyil. Media cəmiyyətin aynasıdır. Cənab Prezident ona görə medianın açıq və şəffaf olmasını istəyir ki, insanlar orada haqqı deyə bilsinlər. Mənim kimdənsə xoşum gəlmirsə, onu zərbə altında qoymaq üçün mediadan istifadə etməməliyəm. Media vətəndaşların problemlərinin işıqlandırılmasına, ölkə rəhbərinə, müvafiq orqanlara çatdırılmasına xidmət etməlidir. Təbii ki, bu istiqamətdə də müvafiq işlər görülür.

//e-huquq.az

Mövzunu Facebookda şərh et