Məşhur kurortda 40 otel fəaliyyətini bərpa edib

22:44 | 25 May, 2020

Misirin Qırmızı dənizin sahillərində yerləşən məşhur Şarm əl-Şeyx kurortunda iki ay əvvəl koronavirus pandemiyası ilə əlaqədar bağlanmış 40 otel fəaliyyətini bərpa edib.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, Qırmızı dəniz bölgəsinin qubernatoru Əmr Hənəfi həmin istirahət mərkəzlərinə müvafiq sertifikatları təqdim edib. Sertifikatların təqdimatından əvvəl vilayətin müvafiq strukturları tərəfindən otellərin COVID-19 virusuna qarşı həyata keçirdikləri profilaktik tədbirlər ciddi şəkildə yoxlanılıb.

Qubernator jurnalistlərə müsahibəsində bildirib ki, Baş Nazir Mustafa Mədbulinin açıqladığı Ramazan bayramı günlərində karantin qaydalarının sərtləşdirilməsi, habelə çimərliklərin bağlanılması qərarına baxmayaraq, otellərə məxsus ərazilərdə daxili turistlərin istirahətinə icazə veriləcək. Eyni zamanda, ictimai çimərliklər tamamilə qapalı olacaq və yalnız hökumətin müvafiq qərarından sonra açılacaq. Ə.Hənəfi əlavə edib ki, Ramazan bayramı günlərində safari, suya dalma kimi əyləncələr, habelə kiçik gəmilərin hərəkəti də qadağandır.

Misirin Ticarət Palatası bu ölkənin Otel Sahibkarları Federasiyası ilə birgə turizm sektorunun fəaliyyətinin tədricən bərpası planını hazırlayıb. Əcnəbi turistlərin qəbulunun bərpa edilməsinin dəqiq tarixi isə hələ açıqlanmır.

Mövzunu Facebookda şərh et