Bir müddət məhəbbətimizi məsafəli yaşayaq… – Gənclərə məsləhət

23:30 | 29 May, 2020

Psixoloq Gülnar Orucova “Əllərimizi sinəmizə sıxmaqla, mehriban təbəssümlə bir-birimizə sayğımızı bildirə bilərik”

Editor.az kaspi.az-a istinadən yazını təqdim edir.

Sosial məsafə və özünütəcrid koronavirusa yoluxmağın qarşısını almağın ən təsirli yolları kimi göstərilir. Lakin cəmiyyətimizdə hələ də bu qaydaları ciddiyə almayan insanlar var. Ən çətini isə odur ki, sən məsafəni saxlasan da, qarşı tərəf səninlə qucaqlaşmaqda, təmasda olmaqda israrlı olur. Buna etiraz etməyin isə inciklik yaradır. Bəs nə etməli? Sosial məsafə qoruyarkən qızıl ortanı necə tapmalı?

Psixoloq Gülnar Orucova deyir ki, sosial məsafəni qorumaq üçün insanlar ilk olaraq koronavirusu qəbul etməli, bunun ciddiliyini, təhlükəli olmasını anlamalıdır. Psixoloqun sözlərinə görə, təmas etməkdə israrlı olanlar xəstəliyin ciddiliyini dərk etməyənlərdir. Əgər onlar da anlasa ki, bu həyati məsələdir, o zaman özləri də məsafə saxlayar: “Bunun yoluxucu xəstəlik olduğunu anlamayan insan, məsafə də saxlamaz. Düzdür, bəzi ictimai nəqliyyat vasitələrində o qədər insan olur ki, burada məsafənin saxlanması mümkünsüzdür. Amma uzun müddət sonra rastlaşan insanlar təmasdan qaça, özlərini izolyasiya edə bilərlər. Dünya ölkələri ilə müqayisədə bizim insanlarımız daha diqqətcil, qayğıkeş, sevgi doludurlar. Elə bu xüsusiyyətlərimiz də bizə problemlər yaradır. İnsanlar xoş münasibəti bildirmək üçün özlərini görüşmək məcburiyyətində hiss edirlər. Bunun həll yolu odur ki, karantin rejiminin hələ də davam etməsini insanlar anlamalı, qaydalara riayət etməlidir. Hazırda SMS icazənin götürülməsi insanlara sərbəstlik verib və bu sərbəstliyi sanki karantin rejiminin bitməsi kimi başa düşürlər. İnsan olaraq hər birimizi karantində olduğumuzu anlayaq, bu xəstəliyin ciddi, yoluxucu olduğunu qəbul edək, bundan qorunmaq üçün də sosial məsafəni saxlayaq”.

Psixoloq deyir ki, sosial məsafəni qorumaq üçün xoş münasibəti sözlərlə də bildirə bilərik: “Sosial məsafə, yoluxucu xəstəliklərin yayılmasını dayandırmağa və ya yavaşlatmağa istiqamətli nəzarət aktdır. Sosial məsafənin məqsədi, xəstəliyin ötürülməsi və ölüm hallarının minimuma endirilməsi üçün yoluxmuş insanlarla yoluxmayanlar arasında əlaqə ehtimalını azaltmaqdır. Gəlin bir müddət, imkan daxilində, görüşərkən profilaktik tədbirlərə riayət edək. Bir müddət əllə görüşməkdən, qucaqlaşmaqla məhəbbətimizi bildirməkdən uzaqlaşaq. Əllərimizi sinəmizə sıxmaqla, yüngül təzim etməklə ədəb və ehtiram göstərək, mehriban təbəssümlə bir-birimizə sayğımızı bildirə bilərik. Yaxınlarımızı və insanları qorumaq üçün bir müddət məhəbbətimizi məsafəli yaşayaq!”

Mövzunu Facebookda şərh et