BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:46 | 1 İyun, 2020

Bakıda maskadan istifadə etməyənlər ictimai nəqliyyata buraxılmayacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, dövlətin həyata keçirdiyi profilaktik və sanitar maarifləndirmə tədbirlərinə baxmayaraq qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda infeksiyanın yayılmasına şərait yaradan hallara yol verildiyi müşahidə olunur: “Dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində gözləyərkən və avtobuslarda səyahət edərkən tibbi maskadan istifadə olunmur.

Bu kimi sosial məsuliyyətdən kənar davranışlar sərnişindaşımaların təşkili baxımından olduqca təhlükəlidir. Mövcud vəziyyət sürücülər və dispetçerlər arasında yoluxma riskini ciddi şəkildə artırır ki, bu da nəticə etibarı ilə marşrut xətlərinin fəaliyyətinin dayanmasını qaçılmaz edir.

Bu cür xoşagəlməz halların yolverilməzliyini qeyd edərək bir daha sərnişinləri anlayışlı və sosial məsuliyyətli olmağa dəvət edirik. Bildiririk ki, ictimai nəqliyyatda Koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə birmənalı riayət olunmalıdır.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən də ictimai nəqliyyatda maskadan istifadə məcburidir. Qoruyucu maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatda hərəkəti məhdudlaşdırılacaq”.

//Trend

Mövzunu Facebookda şərh et