backend

XİN: Səfirlik Xəzər Əliyevin meyitinin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Livandakı Səfirliyinə istinadən bildiririk ki, Azərbaycan vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlu avqustun 25-də saat 05.30 radələrində Livanın Beyrut şəhərində avtomobillə vurulub. Hadisə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib”.
Bu barədə XİN-in mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, Xəzər Əliyev hadisəni törədən şəxsin iştirakı ilə təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və ona ilkin yardım göstərilməsinə baxmayaraq, həmin gün saat 11.00 radələrində ölüb.
Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb: “Dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gedib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyətini müəyyənləşib. Səfirlik tərəfindən XİN-nin Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib”.
Məlumatda bildirilir ki, Livanda olduğu müddətdə Xəzər Əliyev səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Onun səyahət sığortasının da olmadığı bildirilir. Xəstəxana göstərilən tibbi xidmətin müqabilində ödəməni tələb edir.
“Digər ölkələrdə olduğu kimi, büdcə təşkilatları olan Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin büdcəsində bu kimi hallar üçün büdcə vəsaiti nəzərdə tutulmayıb. Azərbaycanın Livandakı səfirliyi Beyrut polisi, xəstəxana, hadisəni törədən şəxs və onun vəkili ilə təmasları davam etdirərək cənazənin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır. XİN-nin Konsulluq İdarəsi məsələni diqqətdə saxlayır” – deyə, mətbuat xidmətindən bildirilib.
//APA