Koronovirus İsveçdə daha 77 nəfərin həyatına son qoyub

16:24 | 6 İyun, 2020

İctimai Səhiyyə Agentliyinin son statistik məlumatlarına görə, son sutka ərzində İsveçdə “COVID-19” diaqnozu müəyyən olunan daha 77 nəfər vəfat edib.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bununla da İsveçdə koronovirusdan ölənlərin sayı 4639 nəfər təşkil edir. Ölkədə bu xəstəliyə yoluxanların sayı artmaqda davam edir. “COVID-19” virusunun baş qaldırdığı andan ölkədə ümumilikdə 42 min 939 daşıyıcı aşkarlanıb. Buna baxmayaraq, krallığın hakimiyyət orqanları hesab edir ki, sutka ərzində ölüm hallarının sayının azalması tendensiyası davam edir.

İsveçin Səhiyyə və Sosial Təminat üzrə Milli Şurasının böhranəleyhinə idarəetmə üzrə meneceri Coanna Sendvollun sözlərinə görə, ölkənin 21 regionundan 11-də vəziyyət qısamüddətli perspektivdə, 9-da isə daha uzunmüddətli perspektivdə yaxşılaşır.

Qeyd edək ki, İsveç virusla mübarizədə Avropanın bütün ölkələrində müşahidə olunan fövqəladə tədbirləri tətbiq etməyib. Bunun əvəzində hökumət bir sıra müəyyənləşdirilən məhdudiyyətlər təqdim edib, həmçinin insanları öz üzərilərinə məsuliyyəti götürməyə və rəsmi tövsiyələrə riayət etməyə çağırıb.

Mövzunu Facebookda şərh et