backend

Deputat: Bu cür kampaniya Azərbaycanı deyil, daha çox qərbin özünü zərbə altında qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əleyhinə hazırda həyata keçirilən ssenari qətiyyən yeni deyil. Bunu Milli Məclisin deputatı Zahid Oruc OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi xarici KİV-də yayılmış materialla bağlı açıqlamasında deyib.
Z.Oruc bildirib ki, Azərbaycandan əvvəl ayrı-ayrı dövlətlərə qarşı da bu cür qarayaxma kampaniyaları həyata keçirilib: “İstənilən ölkə və onun siyasi elitası haqqında belə xəbərləri uydurmaq çox asanlıqla mümkündür və hazırki reallıqda bu həyata keçirilir”.
Deputat vurğulayıb ki, əslinə baxanda bu cür kampaniya Azərbaycanı deyil, daha çox qərbin özünü, onların siyasətçilərini, parlamentarilərini zərbə altında qoyur: “Onların hesabatından belə çıxır ki, qərb siyasətçilərinin hamısını asanlıqla pulla ələ almaq mümkündür. Bəs onların öz mövqelərinə sadiqliyi, əqidələrində dönməzliyi, hüququn aliliyi harada qalır?! Bəs Avropanın maliyyə nəzarətini həyata keçirən ən müxtəlif orqanları var, onlar harada qalır?! Xüsusilə 11 sentyabr hadisələrindən sonra hər bir maliyyə vəsaiti üzərinə mikroskopik nəzarət həyata keçirirlər, hansı ki maliyyə ilə bağlı bəyannamə verilməlidir, mənşəyi ilə bağlı məlumatlar təqdim olunmalıdır və s. Buradan aydın görünür ki, yayılan məlumatlar tamamilə əsassızdır və məqsəd tamamilə başqadır”.
Z.Oruc bildirib ki, burada məqsəd birinci növbədə Azərbaycan hakimiyyətini təsir altına almaq, iqtidarı onlarla hesablaşmağa məcbur etməkdir: “Azərbaycanın dövlət başçısının demokratik bir lider olduğuna heç kəsin şübhəsi yoxdur. Biz bu illər ərzində İlham Əliyevin siyasi kursunun xarakterinin belə olduğunu görmüşük. Azərbaycan idarə olunan dövlət deyil və şübhəsiz ki, bu, müxtəlif mərkəzləri qane etmir. Onlar da bununla bağlı “mübarizə” aparırlar. Ancaq yenə təkrar edirəm ki, daha çox özlərini ifşa edirlər, zərbə altında qoyurlar. İndiyə qədər Azərbaycana qarşı bu təzyiqlər çox olub və heç biri də məqsədinə çata bilməyib”.
//Trend