Ciyər axşamında adam bıçaqlayan şəxs: Yaxşı oğlanlara salam olsun – VİDEO

11:56 | 11 Sentyabr, 2017

Ciyər axşamında yaranan mübahisə toyda davaya çevrilib.
 
Alabaşlı kənd sakini Orxan Cəbrayılov həmyerlisi Ramiz Heydərovu üzərində gəzdirdiyi soyuq silahla bıçaqlayıb.
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs hadisədən sonra isti izlərlə saxlanaraq istintaqa təqdim olunub.
Araşdırmalar zamanı məlum olub ki, “Mosu” ləqəbli Şəmkir sakini Fərid adlı şəxslə ciyər axşamına təşrif buyuran Orxan Cəbrayılovla mübahisə edib. Lakin ətrafdakılar tərəfləri sakitləşdirərək gərginliyin böyüməsinə imkan verməyib. Bir gün sonra isə əsəblərini cilovlaya bilməyən gənc yenidən toy evinə gələrək Fəridlə mübahisə edib. Bu zaman toyun iştirakçılarından olan Ramiz Heydərov Orxan Cəbrayılovla mübahisəyə girişib. Nəticədə Ramiz bıçaqlanıb.
Saxlanılan şəxs Orxan Cəbrayılov: “Gəldim mən, dedim ay Fərid, bəri dur, sizinlə söhbətim var. O vaxt Ramiz də bununla gəldi. Ramiz gəldi, mənim boynumdan tutaraq məni vurdu. Hətta mənə söyüş də söydü. Söyəndən sonra mən də çıxarıb vurdum”.
Saxlanılan Orxan Cəbrayılov əməlinə görə heç də peşman görünmür. O hətta azadlıqda olan dostlarına salam göndərməyi də unutmayıb.
“Mən buradan Elməddinə bir də Qaraya salam deyirəm. Yaxşı oğlanlara salam olsun”, – Orxan Cəbrayılov deyib
Yaralı ətrafdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan Ramiz Heydərovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Fakta hüquqi qiymət Samux Rayon Polis Şöbəsində başlanan cinayət işi üzrə aparılan istintaqın yekununda veriləcək.
//ARB TV