Karantinə rəğmən işləyən kafe və çayxana aşkarlandı: Sahibkarlar və müştərilər cəzalandırıldı – FOTO/VİDEO

06:58 | 3 İyul, 2020

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində Masallı şəhəri ərazisində yerləşən bir kafe və bir çayxananın sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektlərə baxış zamanı orada olan kafenin sahibi Ramiz Abıyev və üç nəfər müştərinin, çayxananın sahibi olan Səfər Əlizadə və səkkiz nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Masallı RPŞ-ə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Mövzunu Facebookda şərh et