backend

Prezident: "Macarıstan Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələrdən biridir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev sentyabrın 12-də Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edib.
səfirlə söhbət edən prezident İlham Əliyev Azərbaycanla Macarıstan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu deyib. Macarıstanın Azərbaycan üçün çox cəlbedici ölkə olduğunu deyən dövlət başçısı qarşılıqlı səfərlərin getdikcə artdığını məmnunluqla vurğulayıb. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu bildirən prezident İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbanla müntəzəm görüşlərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Dövlət başçısı bildirib ki, Macarıstan Azərbaycan üçün təkcə Avropada deyil, dünyada ən yaxın dost və tərəfdaş ölkələrdən biridir.
İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini qeyd edən prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin zəruriliyini vurğulayıb. Dövlət başçısı, eyni zamanda, bildirib ki, investisiya, nəqliyyat və enerji, əczaçılıq, kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var. Humanitar və mədəniyyət sahələrində də əməkdaşlığın uğurla davam etdiyini deyən prezident İlham Əliyev qeyd edib ki, ölkələrimizdə artıq bir sıra qarşılıqlı mühüm mədəni tədbirlər keçirilib ki, bu da xalqlarımızın bir-birini daha da yaxşı tanıması və dostluq əlaqələrinin inkişaf etdirilməsi işinə xidmət edir.
Öz növbəsində, səfir Macarıstanın baş naziri Viktor Orbanın Azərbaycan prezidenti ilə şəxsi dostluq əlaqələrini yüksək qiymətləndirdiyini bildirib. O deyib ki, bu əlaqələr bir səfir kimi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi ilə bağlı mənim gələcək fəaliyyətimə istiqamət verir. Macarıstanlı diplomat iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün çox böyük imkanların olduğunu bildirib: “Mən sizin gözəl ölkənizdə səfir kimi fəaliyyət göstərməyimdən həddindən artıq məmnunluq hissi keçirirəm. Sizin ölkəniz, xalqınız, mədəniyyətiniz haqqında daha çox bilgi əldə etmək əzmindəyəm”.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin və Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini özündə əks etdirən sənədin hazırlanmasının önəmi qeyd olunub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev sentyabrın 12-də Macarıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edib.
bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
//APA