TANAP-la Türkiyəyə qaz tədarükünün həcmi 5,8 milyard kubmetri keçib

19:29 | 4 İyul, 2020

2018-ci il iyunun 30-dan Trans-Anadolu qaz kəməri (TANAP) ilə qaz nəqli başladıqdan bəri Türkiyəyə 5,8 milyard kubmetrdən çox qaz tədarük edilib.

Editor.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.

Qeyd edək ki, 2020-ci ilin ilk beş ayı ərzində TANAP ilə Türkiyəyə qaz ixracı 1,6 milyard dollar təşkil edib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb.

Mövzunu Facebookda şərh et