Azər Badamov: Qeyri-neft iqtisadiyyatımız bu çətin pandemiya dövründə də artıb

19:25 | 7 İyul, 2020

“Qlobal pandemiya dünya iqtisadiyyatına çox ciddi mənfi təsir göstərib. Hətta inkişaf etmiş bir çox ölkələrin iqtisadiyyatlarında azalmalar 7-8%-ə çatıb”.

Editor.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycan da dünyanın bir parçası olduğundan bu təsirlərdən yan keçməyib və iqtisadiyyatımız 5 ayda 1,7% azalıb:

“Baxmayaraq ki, ümumi iqtisadiyyatda azalma olub, amma qeyri-neft iqtisadiyyatımız bu çətin dövrdə də artıb. Məsələn kənd təsərrüfatımız 3%, qeyri-neft sənayemiz 16% artıb. Bu çətin dövrdə belə müsbət nəticələrin əldə olunmasını Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadiyyatın diversifikasiyası siyasətinin uğuru hesab edirəm.

Pandemiya ilin əvvəlində hesablamadığımız xərcələri ortaya çıxardı. Bu mübarizəyə 3 milyard manatdan çox vəsait xərclənir ki, bu da dövlət büdcəsində nəzərdə tutulmamışdı. Həm də pandemiya ilə əlaqədar tətbiq olunmuş sərt karantin tətbirləri bir çox sahələrin fəaliyyətini sıfıra endirib.

Məsələn beynəlxalq turizmdən keçən il 2 milyard dollar valyuta ölkəmizə gəlmişdisə və cari il daha yüksək göstəricini proqnozlaşdırmışdıqsa da bu gün bu sahənin fəaliyyəti tamamilə dayanıb. Neftin qiymətini dövlət büdcəsində 55 dollardan hesabladığımız təqdirdə bu ilin 5 ayında orta qiymət 38 dollar olub ki, bu da gəlirlərimizi kifayət qədər azaldıb.

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri əlavə xarclər tələb etdiyini, gəlirlərin azalması fonunda valyuta ehtiyatlarımızdan da sərf olunduğunu və bu günə cəmi 98 milyon dollar valyuta ehtiyatımızın azaldığını nəzərə alsaq, bunu yaxşı hal hesab etmək olar.

Çünki, bu daha çox ola bilərdi. İqtisadiyyatın şəffaflaşması, korrupsiyanın aradan qaldırılması istiqamətində aparılan islahatlar öz mübət nəticəsini verməkdədir və son 6 ayda dövlət büdcəsinə proqnozdan əlavə 423 milyon manatın daxil olması pandemiya ilə əlaqədar tədbirlərə əlavə vəsaitlərin sərf olunmasına töhfə vermiş olur.

Kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində tədbirlər davam edir. Cari ilin 5 ayı ərzində yüz mindən çox əmək müqaviləsinin bağlanması qeyri-formal fəaliyyət göstərən insanların “ağardılması” deməkdir. İşləyənlərin fəaliyyətlərinin rəsmiləşdirilməsi bu insanların pensiya hüququnun yaranmasına, pandemiya kimi çətin dövrlərdə maddi təminatına dövlət dəstəyindən yararlanmasına şərait yardır.

Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti ölkəmizin qarşılaşacağı hər bir çətin şəraitə hazır olmağına və az itkilərlə çıxmağa imkan verir”.

Mövzunu Facebookda şərh et