Azərbaycanın dörd komandasına məşqlərə başlamağa icazə verildi

22:33 | 7 İyul, 2020

Azərbaycanın dörd klubuna məşqlərə başlamağa icazə verilib.

Editor.az bildirir ki, növbəti mövsüm avrokuboklarda çıxış edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın avqustda başlayacaq yarışlar üçün məşq keçməsinə razılıq verilib.

Gənclər və İdman Nazirliyi sərt karantinin tətbiq edilmədiyi rayonlardakı Olimpiya İdman Komplekslərində bu dörd komandanın məşq etməsi üçün şərait yaradılmasını təmin edəcək.

Əldə etdiyimiz digər məlumata görə, klublar sərt karantinin olmadığı Qəbələyə yollanacaq və orada məşqlərini keçirə biləcəklər. Lakin komandaların hələ hansı tarixdə Qəbələyə yollanacağı bilinmir. Böyük ehtimalla, sabahdan etibarən komandalar məşqlərə başlaya biləcək.

Bildirək ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə 27 avqustda keçirəcək.

Qeyd edək ki, PFL prezidenti Ramin Musayev oxu.az-a müsahibəsində AFFA-nın bu dörd klub üçün dövlətdən razılıq alması üçün danışıqlar apardığını bildirmişdi.

Mövzunu Facebookda şərh et