“Xərclər optimallaşdırılmasa SOCAR-ın maliyyə sabitliyinə təziqlər artacaq”

11:29 | 8 İyul, 2020

Bütün xilasetmə səylərinə baxmayaraq, dünya “böyük böhran” başlayandan indiyədək ən pis iqtisadi böhran içindədir. Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, cari ildə qlobal tənəzzül 4,9% olacaq. Belə şəraitdə qlobal korporasiyalar investisiya fəallığını minimuma endirir və xərclərini maksimal dərəcədə optimallaşdırır. Bu proses neft-qaz sektorunda fəaliyyət göstərən qlobal oyunçularda da müşaiyət olunur. Belə ki, ən iri neft şirkətlərindən olan “Exxon Mobil” və “Royal Dutch Shell” xərclərini 50 milyard ABŞ dollarına yaxın azaldacaqlarını bəyan edib. Dünyanın ən iri neft-servis şirkətlərindən olan “Halliburton” bu ilin əvvəlindən dünya üzrə bütün bölmələrində çalışan 5 min işçisi ilə yolları ayırıb. Böyük Britaniyanın BP şirkəti bu ilin sonuna kimi 10 min iş yerini ixtisar edəcəyini bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov “Finans.az”a bildirib ki, böhran zamanı iş yerlərinin ixtisar olunması zərurətə çevrilir və bunun alternativi yoxdur.

Onun sözlərinə görə, hazırda dünyada elə bir ölkə yoxdur ki, böhran ona toxunmasın: “Bu gün iri korporasiyalar xərclərini optimallaşdırmaq üçün investisiya imkanlarını dinamik şəkildə azaldır. Bu isə öz növbəsində son istehsalın nəticələrinə təsir edir. Belə ki, əgər bazarda hər hansı əmtəə kəskin dəyərsizləşirsə və ya satılmırsa, onun istehsalına ehtiyac qalmır. Bu zaman iş yerlərinin ixtisar edilməsi zərurətə çevrilir və bunun alternativi yoxdur”.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hazırda xərclərin optimallaşdırılması istiqamətində gözləmə mövqeyindədir.

“Karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq ölkədə iqtisadi fəallıq əhəmiyyəti dərəcədə azalıb. Bu da bilavasitə insanların gəlirlərinə təsir edir. Belə bir şəraitdə sosial gərginlik yaratmamaq üçün şirkət əhali tərəfindən birmənalı qarşılanmayacaq addımlardan yayınmaq məcburiyyətindədir. Lakin gəlirlərin azaldığı vaxtda xərclərin optimallaşdırılmaması SOCAR-ın maliyyə sabitliyinə təzyiqləri artıracaq. Bu gedişatla şirkətin zərərə çıxma ehtimalı əhəmiyyətli dərəcədə artır. Bu isə milli iqtisadiyyat üçün arzuolunmaz ssenaridir”, – M.Bərxudarov vurğulayıb.

Mövzunu Facebookda şərh et