“Dövlətimiz istənilən böhranla mübarizədən qalib çıxmağa qadirdir” – Elşən Musayev

10:32 | 9 İyul, 2020

“Koronavirusla mübarizə ən yüksək səviyyədə gedir və heç şübhəsiz ki, yaxın vaxtlarda bu virus üzərində qələbəmiz reallaşacaq. Çünki dövlət yerindədir, bütün imkanlar vətəndaşın qorunmasına, onun sağlamlığına səfərbər olunub. Amma paralel fonda vətəndaşlar da öz üzərinə düşəni etməlidir, dövlətə öz məsuliyyəti ilə dəstək verməlidir, ressidiv formalı geri dönmənin, ikinci dalğanın olmaması üçün ehtiyatlı davranmalıdır”.

Editor.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev koronavirus – COVİD 19 pandemiyasına qarşı mübarizə istiqamətində görülən işlər haqda danışarkən bildirib.

“Hazırda koronavirusa yoluxmuş həmvətənlərimiz 45 xəstəxanada müalicə alırlar. Hansı ki, həmin xəstəxanaların 36-sı prezident İlham Əliyevin sərəncamı ilə son dövrlərdə tikilib. Bildiyiniz kimi ölkəmizə mütəxəssislər də dəvət olunub, onlarla pandemiya ilə mübarizə istiqamətində məsləhətləşmələr aparılır. Fədakar həkimlərimiz iş başındadır, tibbi resurslarımız yetərincədir. Düzdür, yoluxmanın qarşısını hələ də almaq, səngitmək mümkün deyil. Amma proses nəzarət altındadır, diqqətdən yayınan heç nə yoxdur. Cənab Prezident bu yaxınlarda yerli kanallara verdiyi müsahibəsində də qeyd etdi ki, hazırda bizim üçün iqtisadiyyat ikinci plandadır, əsas vətəndaşlarımızın sağlamlığıdır. Eyni zamanda dövlət başçısı onu da vurğuladı ki, neftin qiyməti hətta 14 dollara düşsə də biz ayaq üstdə qalacayıq, iqtisadi müvazinətimizi itirməyəcəyik.

Həqiqətən də Azərbaycanın çox böyük iqtisadi-maliyyə potensialı var və bu potensiala görə də dövlətimiz istənilən böhranla mübarizədən qalib çıxmağa qadirdir. Təsəvvür edin ki, dövlət hətta bu vəziyyətdə belə sosial layihələrin icrasına davam edir. Bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq, şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək, 85 min ailə, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Bütün bunlar dövlətimizin, Azərbaycanımızın nə qədər güclü iqtisadiyyata, siyasi dayanıqlığa malik olduğunu bir daha əyani şəkildə göstərir”- deyə, partiya sədri fikirlərinə davam edib.

//Editor.az

Mövzunu Facebookda şərh et