Qarabağ qazisi: “Azərbaycan Ordusu hər gün daha da güclənir”

12:51 | 9 İyul, 2020

“Mən bir Qarabağ qazisi kimi ordumuzun hər gün müxtəlif formada gücləndiyinin şahidi oluram”.

Bunu MediaPost”a açıqlamasında “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu deyib.

O bildirib ki, bu gün Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi üçün bütün imkanları var: “28 ildir ki, əzəli torpaqlarımız işğal olunub. Dövlət bir milyondan artıq qaçqın və məcburi köçkünü yerləşdirməklə, onların həyat şəraitini yaxşılaşdırmaqla məşğuldur. Maraqlıdır ki, beynəlxalq  təşkilatlar bizim lehiminə qərar çıxarsa da, yenə də nəticə dəyişməyib: ermənilər torpaqlarımızdan çıxmaq istəmirlər. Ona görə də bu məsələ danışıqlar yolu ilə həll olunmayacaq. Mən Ali Baş Komandandan orduya əmr verməyi xahiş edirəm. O əmr kifayətdir ki, biz ərazi bütövlüyümüzü bərpa edək”.

Ş. Sabiroğlunun fikrincə, Ermənistan kimi dövlətlə sülh danışıqlarının heç bir nəticəsi olmayacaq: “Çünki onlar yüz illərdir Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edirlər. İndi də torpaqlarımızın 20 faizini işğal ediblər. Mən Qarabağ döyüşlərini görmüşəm, bilirəm ki, onlar heç vaxt istəməz ki, işğal etdikləri Azərbaycan torpaqlarını sülh yolu ilə qaytarsınlar. Digər varianta əl atmağa ordumuzun gücü, imkanı var. Biz o günü gözləyirik”.

 

Mövzunu Facebookda şərh et